Mirşahin Ağayev və Murad Dadaşov Naxçıvanda gənc jurnalistlərlə görüşüblər - FOTO
“MEDİAFEST-2025” çərçivəsində Naxçıvanda tanınmış media simaları – “Real” Təhlil və İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev və Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov gənc jurnalistlərlə görüş keçiriblər.
Ustad dərsi formatında baş tutan görüş Naxçıvan şəhərindəki “Saat Meydanı”nda təşkil olunub. Tədbir zamanı hər iki media nümayəndəsi öz təcrübələrini bölüşüb, jurnalistikanın və televiziya sahəsinin dinamik inkişafı, medianın cəmiyyətə təsiri və informasiya istehsalında məsuliyyət məsələlərinə toxunub.
Mirşahin Ağayev çıxışında Azərbaycan jurnalistikasının keçdiyi inkişaf yolunu xatırladaraq müstəqil və obyektiv medianın formalaşmasında yaranan çətinliklərdən, eyni zamanda əldə olunan uğurlardan danışıb. O, gənc jurnalistlərə peşəyə sədaqətli olmağı, informasiyanın dəqiqliyinə önəm verməyi tövsiyə edib.
Murad Dadaşov isə media və əyləncə sahəsindəki təcrübəsini paylaşaraq müasir dövrdə tamaşaçı auditoriyasını anlamağın, kontent yaradarkən etik prinsiplərə sadiq qalmağın və yaradıcı yanaşmanın əhəmiyyətini vurğulayıb.
Gənc jurnalistlər və tələbələrin motivasiyaedici görüş kimi dəyərləndirdikləri ustad dərsi interaktiv şəkildə keçib, iştirakçılar öz suallarını ünvanlayaraq maraqlandıqları mövzularla bağlı ətraflı cavablar alıblar.