Milli Məclisin 29 iyun tarixli plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı çıxış edərək Koronovirus (Covid-19) epidemiyası ilə mübarizə barədə fikirlərini bölüşüb. Lakin bəzi kütləvi informasiya vasitələri millət vəkilinin çıxışını təhrif edib.
Yenicag.az xəbər verir ki, Mili Məclisin ictimaiyyətlə əlaqələr şöbəsi deputat Siyavuş Novruzovun çıxışının tam mətnini yayıb:
“Doğrudanda, bu, çox ciddi bir məsələdir. Bu, tək qanunvericilikdə hər-hansı bir dəyişiklik deyil. Ümumiyyətlə, bu məsələnin özü milli təhlükəsizlik məsələsidir. Bu, dövlət təhlükəsizliyi məsələsidir, ailə təhlükəsizliyi məsələsidir. Əgər biz hesab edirik ki, hər bir ailə dövlətin əsasını təşkil edir, onda hər bir xəstələnən ailənin, dünyasını dəyişən vətəndaşın dövlətin sütunlarına nə qədər ziyan vurması barədə düşünməliyik.
Kimlərinsə qanunu pozması, kimlərinsə bu məsələyə laqeyd yanaşması, kimlərinsə təkəbbürü nəticəsində insanlar xəstələnir, epidemiyaya yoluxursa, onda biz cərimələri daha da sərtləşdirməliyik. Hesab edirəm ki, tək cərimə deyil, digər inzibati metodlarla da biz bunun qarşısını almağa çalışmalıyıq.
Təsəvvür edin, bəzən görürsən ki, bunu başqa cür qələmə vermək istəyənlər var. Biz vətəndaşdan xahiş edirik ki, 30 qəpiklik maska alıb taxsın, gedib 200 manat, 100 manat cərimə verməsin. Bu, həmin vətəndaşın özünün təhlükəsizliyi, ailəsini qorumaq üçün lazımdır. Onun atasının, anasının, övladlarının təhlükəsizliyi üçündür. Bir məsuliyyətsiz şəxsin bir ailəni xəstələndirməsi digər ailələrə də baha başa gəlir.
Hüquqlar o vaxt məhdudlaşır ki, digərlərinin hüququ pozulur. Hər bir şəxs çalışmalıdır ki, digər şəxsin hüququnu pozmasın. Bu baxımdan, mən hesab edirəm ki, biz cərimələri daha da sərtləşdirməliyik.
Təsəvvür edin, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü, təklifi ilə bu gün dünya bir yerə yığışır. Birləşmiş Millətlər Təşkilatı yığışır bu məsələnin müzakirəsinə. Bizim xalq gərək burda nümunə ola. Bizim Prezidentimiz bu cür təşəbbüslə çıxış edib. 130-dan artıq dövlət cənab Prezidentə dəstək verib və BMT-də gündəliyə növbədənkənar belə bir məsələ daxil edilib. Bizim vətəndaşlarımız, hər birimiz gərək elə intizamlı olaq ki, qayda-qanuna riayət edək ki, digər xalqlara bir nümunə göstərək.
Mən hesab edirəm ki, bu məsələ ilə əlaqədar şaiyə yayanların da, başqa-başqa fikir söyləyənlərin də haqqında ciddi ölçü götürməliyik. Kimlər ki, internet resursları vasitəsilə yayır ki, pandemiya yoxdur, bu, yalandır – bunların hamısı təxribat xarakterli fikirlərdir. Bu, insanlarımızı çaşdırmaqdır, onları yolundan çıxarmaqdır.
İctimai yerlərdə, avtobuslarda, metrolarda, avtobus dayanacaqlarında insanlar arasında təxribat xarakterli fikirlər söyləyənlərə – maska taxmayın və yaxud da belə məsələlər yoxdur – deyənlərin qarşısı qəti şəkildə alınmalıdır, cərimələr artırılmalıdır.
Digər bir məsələyə toxunmaq istəyirəm. Belə bir şayiə yayırlar ki, siz narahat olmayın, siz qanunları pozun cənab Prezident, Birinci vitse-prezident sizin əvəzinizə cərimələri ödəyəcək. Mən başa düşürəm ki, cənab Prezident şəhid ailələrinin müavinətini verir, çox düzgün edir. Cənab Prezident zəlzələdən ziyan çəkmiş insanlara ev tikir, şərait yaradır, çox düzgün edir. Qaçqınlarımıza, məcburi köçkünlərimizə, şəhid ailələrimizə, Qarabağ əlillərinə bunları edir, düzgün edir. Böyük ticarət mərkəzlərində əmlakı yananlara dəstək verir, köməklik göstərir. Bu da tamamilə düzgündür. 190 manatdan ibarət ardıcıl şəkildə yardımlar göstərilir, bu da tamamilə düzgündür.
Mən bir şeyi başa düşə bilmirəm. Evin üstündə çıxıb domino oynayanın və yaxud kabab çəkən adamın cəriməsini cənab Prezident yaxud Birinci vitse-prezident niyə verməlidir? Başqa bir misal. Biri avtobusda maska taxmır, özünü elə aparır ki, guya bundan böyük insan yoxdur, onun cəriməsini niyə verməlidir? O, cəriməni zəhmət çəkib özü versin. Ondan sonra o, maskanı elə taxacaq ki, necə lazımdır.
Bu baxımdan, mən hesab edirəm ki, qanun günün tələblərinə cavab verən bir qanundur və hamını bu qanunu dəstəkləməyə çağırıram”./olaylar.az/
www.yenicag.az