Mayın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Yenicag.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.
Komitə sədri Tahir Mirkişili, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda edilən dəyişikliklərlə bağlı fikirlərini açıqlayıb. Bildirib ki, “Büdcə sistemi haqqında” Qanunun 23-cü maddəsində dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərti kimi göstərilib. O, nəzərə çatdırıb ki, qanun layihəsinə dair izahata əsasən, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2024-cü il ərzində həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq fəaliyyət, habelə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər üzrə dövlət vəzifələrinin icrası dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırıb. Həmin tələbatın dövlət büdcəsinin əlavə daxilolmaları və kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün “Büdcə sistemi haqqında” Qanunun 23-cü maddəsinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib.
Bildirilib ki, yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.
Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edərək, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi ilə bağlı məlumatı təqdim edib.
Nazir bildirib ki, 2023-cü ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dövlətimizin qarşısında yeni çağırışlar formalaşdırıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin həyata keçirilməsi, beynəlxalq münasibətlər və beynəlxalq fəaliyyətlə bağlı, digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün müvafiq maliyyə təminatının yaradılması əsas vəzifələr kimi göstərilib. Qeyd edilib ki, cari ilin yanvar-aprel ayları üzrə makroiqtisadi və fiskal göstəricilər və dünya enerji bazarında münbit qiymət konyunkturası, habelə cari ilin aprel ayında İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə edilmiş dəyişikliklərə əsasən, dövlət büdcəsinə gözlənilən əlavə daxilolmalar müəyyən edilmiş prioritet istiqamətlər üzrə zəruri olan bir sıra əlavə tədbir və layihələrin maliyyələşdirilməsinə imkan yaratmaqla 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirib.
S.Şərifov vurğulayıb ki, dünya neft və qaz bazarlarında mövcud tendensiyalar, cari ilin əvvəlinə müşahidə olunan vergi-gömrük daxilolmalarının, habelə icmal və dövlət büdcələri xərclərinin artması nəzərə alınaraq, 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi proqnozlar yenilənib. Belə ki, neftin bir barelinin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 75 ABŞ dollarına yüksəldilib. 2024-cü ildə ÜDM-in 121,3 milyard manat və yaxud dövlət büdcəsi layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3 milyard manat çox olması gözlənilir. Qeyri-neft ÜDM-in 84,7 milyard manatadək artması və yaxud proqnoza nəzərən 0,6 milyard manat çox olması proqnozlaşdırılır. Yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.
Nəzərə çatdırılıb ki, yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq, 3 milyard 354 milyon manata çatdırılır.
Yenidən baxılacaq 2024-cü il icmal büdcənin əsas parametrlərinə dair bildirilib ki, icmal büdcənin gəlirləri 43 milyard 480 milyon manat, xərcləri isə 45 milyard 592 milyon manat proqnozlaşdırılır. İcmal büdcənin 2 milyard 112 milyon manat kəsirlə proqnozlaşdırıldığı qeyd olunub.
Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsinə dair məlumat verib. Sənədə əsasən, 2024-cü ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər icmal büdcənin mühüm tərkib hissəsi kimi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsini zəruri edib. Fondun xərcləri 30 milyon manat və ya 0,4 faiz artırılaraq 6 milyard 949,9 milyon manata çatdırılıb. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160 milyon manat azaldılaraq 1 milyard 232 milyon manat təşkil edəcək.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsinə Hesablama Palatasının Rəyini təqdim edib. Rəydə Palatanın qanun layihəsinin, layihə ilə birlikdə hazırlanan və təqdim olunan aidiyyəti sənədlərin mövcud qanunvericilik aktlarına uyğunluğu, dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı barədə mövqeyi ifadə edilib.
Vüqar Gülməmmədov, bununla yanaşı, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihələrinə dair Hesablama Palatasının rəylərini də nəzərə çatdırıb.
Layihələrin müzakirəsində çıxış edən deputatlar 2024-cü ilin ötən dövrü üzrə Azərbaycan iqtisadiyyatındakı müsbət dinamikanı, xüsusən də qeyri-neft sektorundakı artım templərini yüksək dəyərləndiriblər.
Büdcəyə dəyişikliklərin edilməsini Azərbaycanın fiskal gücünün göstəricisi kimi qiymətləndirən deputatlar yenidən baxılan büdcənin milli prioritetlərə uyğun olduğunu bildiriblər. Onlar büdcə proqnozlaşdırılmasının metodologiyasının təkmilləşdirilməsi, risklərin nəzərə alınması, regionların iqtisadi potensialından səmərəli istifadə olunması, yerli istehsalın təşviq edilməsi, sosial təminat xərclərinin artırılması və digər məsələlərlə bağlı rəylərini və suallarını səsləndiriblər.
Müzakirələrin sonunda maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, iqtisadiyyat nazirinin müşaviri Xaqani Abdullayev deputatların qaldırdıqları məsələlərə münasibətlərini bildiriblər, suallarını cavablandırıblar.
İclasda təqdim olunan hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
www.yenicag.az