!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvanın diş qıcadığı BRÜSSEL FORMATI: Kreml anlaşmaların icrasına imkan verəcək?

!Reklam – Yazi

Ötən gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında son aylarda sayca üçüncü olan növbəti görüş baş tutdu.

Belçika paytaxtında keçirilən əvvəlki görüşlərdə tərəflər arasında yaranan müzakirə mühiti və verilən bəyanatlar 3-cü Brüssel danışıqlarının da məhsuldar alınacağı, Azərbaycanla Ermənistan arasında nəhayət Böyük Sülh Sazişinin imzalanmasına doğru geniş addım atılacağı gözlənilirdi.

Xatırlatmaq lazım gəlir ki, Brüsseldə baş tutan ilk iki müzakirədə əldə olunan razılaşma, həmçinin görüş sonrası bəyanatların mətnində Azərbaycanın maraqlarının böyük ölçüdə təmin olunması Bakının dünənki görüşə daha əmin-arxayın yanaşdığını söyləməyə əsas verirdi.

Lakin Azərbaycandan fərqli olaraq Ermənistanda nizamlama prosesinə münasibət tam əksinədir. Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Brüsseldəki ikinci görüşündən sonra nəticələrin açıqlanması ilə İrəvanda başlayan kütləvi etiraz dalğası hələ də davam etməkdədir.

Rusiyadan, o cümlədən Qərbdəki bir sıra mərkəzlərdən idarə olunan Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanı xəyanətdə suçlayaraq onun devrilməsi üçün bütün resurslarını hərəkətə gətiriblər. Maraqlıdır ki, müxalifətin qərbyönümlü kəsimi Paşinyanı Rusiyanın “qucağına sığınmaqda” suçladığı kimi, rusiyapərəstlər də baş naziri “Qarabağı satmaqda” ittiham edirlər. Onları birləşdirən tək məqam isə Paşinyanın tezliklə devrilməsidir.

Lakin Ermənistan müxalifətinin Paşinyana qarşı çıxışlarında bir nüans diqqəti xüsusilə cəlb edir. Bu da ondan ibarətdir ki, baş naziri satqınlıqda suçlayan müxalifət liderlərindən heç biri onun imzaladığı üçtərəfləri anlaşmaların, yaxud da razılaşdığı məqamların üstündən sükutla keçirlər. Yəni müxalifətdə heç kim Paşinyanın Rusiya, yaxud da Avropanın vasitəsçiliyi ilə əldə olunmuş razılaşmaların əleyhinə çıxmır. Bu isə etiraz dalğasının yeganə hədəfinin məhz Paşinyan olduğunu göstərir.

Dünən gec saatlarda başlayan Brüssel danışıqları öz məhsuldarlığına görə digər görüşləri arxada qoydu. Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri Böyük Sülh Sazişinin yolunu açacaq altı fundamental istiqamət üzrə mövqeləri uzlaşdıra bildilər.

Həmin anlaşmalara nəzər salaq:

– Sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə birgə komissiyanın ilk iclasının keçirilməsi;

– Nəqliyyat yollarının deblokadası;

– Sərhədlərin idarə olunması və təhlükəsizliyin təmin edilməsi, beynəlxalq yük daşımalarında gömrük yığımları qaydalarının müəyyənləşdirilməsi;

– Sülh sazişinin müzakirəsi məqsədilə iki ölkənin xarici işlər nazirlərinin görüşünün planlaşdırılması;

– Avropa İttifaqının regionun bərpasında iştirak öhdəliyi;

– Ərazilərin minalardan təmizlənməsi və itkin düşən hərbçilərin axtarışında əməkdaşlıq.

Təbii, əldə onumuş bu anlaşmalar nizamlama prosesinin dönməzliyi və gözlənilən nəticənin tezləşdirilməsində çox mühüm rol oynayır. Ancaq burada Brüssel razılaşmalarına münasibəti hələ bəlli olmayan Rusiyanın necə davranacağını da nəzərə almaq lazımdır.

Son üç ayda əsas diqqətini Ukraynaya yönəldən Kremlin Azərbaycanla Ermənistan arasında nizamlama prosesinin onun nəzarətindən çıxarılmasını asanlıqla qəbul edəcəyi inandırıcı deyil. O baxımdan, Brüssel anlaşmasının necə icra olunacağı haqda qəti fikir bildirmək üçün Rusiyanın reaksiyasını görmək gərəkdir. Bununla belə, o da mütləq nəzərə alınmalıdır ki, Bakı ilə İrəvan Moskvanın patronajlığı olmadan Brüsseldə anlaşa bildilərsə, prosesi davam etdirməkdə də qətiyyət göstərmələri mümkündür.

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

397
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv