Azərbaycan liderdir: “Ermənistan sülh prosesinin beynəlxalq prinsipləri çərçivəsində addım atmağa məcburdur”
“Top indi Ermənistanın tərəfindədir. Əgər öz xalqlarına daha firavan, sabit və təhlükəsiz həyat arzulayırlarsa, Azərbaycanla dialoqa hazır olmalıdırlar”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın “erməni və azərbaycan xalqları arasında ritorikanı dəyişmək üçün dialoq lazımdır. 37 ildir davam edən münaqişə 5 ekspertin iki görüşü ilə dəyişdirilə bilməz” sözlərinə münasibət bildirib.
Deputat deyib ki, müharibə əbədi davam etmir. Münaqişə şəraitində ölkələr və xalqlar uzun müddət yaşaya bilməzlər. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan təkbaşına, öz təşəbbüsü və gücü, xalqının iradəsi sayəsində qələbə qazandı.
“Hazırda sülh quruculuğu prosesini yaşayırıq. Bu prosesdə də Azərbaycan liderlik edir. 32 il davam edən münaqişənin sülh yolu ilə həlli üçün diplomatik və siyasi resurslarını səfərbər etdiyi, bir daha şəhid tabutlarının evlərə gəlməsini istəmədiyi kimi, müharibədən sonrakı dövrdə də qısa müddətdə Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bölgədə qalıcı sülhün bərqərar olmasını arzulayır. Biz sülhü yalnız bu günümüz üçün yox, sabahımız üçün, övladlarımız üçün, regionun bütün xalqları üçün istəyirik.
Sülhün siyasi və diplomatik tərəfləri ilə yanaşı, ictimai tərəfləri də var. Hər bir ölkənin cəmiyyəti bu prosesə hazır olmalıdır. Azərbaycan bu günə qədər həyata keçirdiyi siyasətində məhz bunu hədəfləyib. Təəssüf ki, Ermənistanda isə revanşist qüvvələr hələ də meydana çıxmağa çalışırlar.
Xüsusən müharibədən sonra keçən beş il ərzində Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinə, sülhyaratma prinsiplərinin həyata keçirilməsinə çox yaxın olduğumuz bir vaxtda, bəzi dairələr prosesi pozmağa, tarixi yenidən gərginlik məcrasına qaytarmağa cəhd edirlər. Onlar xalq arasında yanlış istiqamətlər formalaşdırmağa çalışırlar.
“Müharibə hələ bitməyib və bundan sonra yeni yanaşmalar olacaq” kimi fikirlər səsləndirənlərin bu yanaşması sağlam və konstruktiv mövqe deyil. Belə bəyanatlar müəyyən qüvvələrə xidmət etməkdən başqa heç nə ifadə etmir.
Yaratdığımız reallıqlar sayəsində Paşinyan da artıq reallığı dərk edir və sülh yoluna gəlir. Əgər son vaxtlar verdiyi açıqlamalar və təşəbbüslər ikiüzlü siyasət deyilsə, bu, iki ölkənin xalqlarının gələcəkdə qalıcı sülh şəraitində yaşaya biləcəklərinə ümid yaradır.
Azərbaycana, xalqımıza, torpaqlarımıza, abidələrimizə, mənəviyyatımıza, tariximizə qarşı edilən haqsızlığı, 30 il ərzində viran qoyulan torpaqlarımızı, bir milyondan çox qaçqınımızı və onların yaşadıqları məşəqqətləri unutmuruq. Lakin həyat davam edir. Daim müharibə şəraitində yaşamaq hər bir ölkənin həm daxili, həm də xarici gücünü zəiflədir. Buna görə də kompromis yollarını tapmalıyıq. Şəhidlərimizin qanını heç vaxt unutmadan gələcəyə doğru ümidlə baxmalıyıq.
Prezident İlham Əliyevin dediyi kimi, bu gün yeni dünya qurulur, yeni çağırışlar və yeni perspektivlər formalaşır. Azərbaycan bu proseslərin lideridir, ev sahibidir. Regionda həyata keçirilən bütün iqtisadi layihələrdə ölkəmizə hörmət və dostluq nümayiş etdirən hər bir dövlətlə əməkdaşlığa hazırıq. Bu çağırış Ermənistan üçün də keçərlidir.
Bir sözlə, top indi Ermənistanın tərəfindədir. Əgər öz xalqlarına daha firavan, sabit və təhlükəsiz həyat arzulayırlarsa, Azərbaycanla dialoqa hazır olmalıdırlar. Sülh prosesinin beynəlxalq səviyyədə qəbul edilmiş prinsipləri çərçivəsində addım atmağa məcburdurlar”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












