Moskvanın YENİ GEDİŞİ: İnformasiya savaşı Rusiya üçün təhlükəli MİQYASA ÇATDI
“Rusiya rəhbərliyi Azərbaycanla gərginliyin, əsasən, informasiya məkanında yaşandığını və bunun da daha çox Rusiyaya zərər vurduğunu anladığı üçün geri addım atır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli deyib.
O Kremlin Azərbaycanla münasibətlərdə sərgilədiyi gərgin ritorikanın yumşaldılması üçün ilk addımı atmasının səbəblərini izah edib.
Xatırladaq ki, baş verən hadisələrdən sonra Rusiya KİV-in yaydığı məlumata görə, Rusiya xüsusi xidmət orqanlarına yaxın mənbə bildirib ki, prezident Vladimir Putin Azərbaycanla münasibətlərdəki gərginliyi aradan qaldırmaq istəyir.
Qeyd olunur ki, hazırda Moskvada nümayəndə heyəti formalaşdırılır və o, gələn həftə iki ölkə arasındakı münaqişəni qeyri-rəsmi şəkildə həll etmək üçün Bakıya gedəcək. Mesajı şəxsən Putin çatdıracaq və həbs olunanlarla “mübadilə” təklifi verilə bilər.
Bundan əlavə, məlumata görə, qeyri-rəsmi nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı, Azərbaycan hökumətinin üzvləri ilə şəxsi münasibətləri yaxşı olan Rusiyanın hazırkı fövqəladə hallar naziri Aleksandr Kurenkov rəhbərlik edə bilər.
Prosesləri şərh edən X. Cəfərli isə əmindir ki, Ukraynaya qarşı cinayətkar müharibənin başlandığı 2022-ci ildən bəri Rusiya hərbi xərclərlə yanaşı yeganə olaraq informasiya-təbliğat maliyyələşdirməsini üç dəfə artırıb:
“Büdcə kəsirlərinin artmasına görə, səhiyyə, təhsil və infrastruktura ayrılan büdcə vəsaitlərinin sürətli ixtisar olunmasına baxmayaraq təbliğat-informasiya sahəsinə ayrılmalar artır. Səbəb isə informasiya müharibəsinin hərbi əməliyyatlar qədər bəlkə də daha çox əhəmiyyət kəsb etməsidir. Bunu çox yaxşı bilən Rusiya hakimiyyəti Azərbaycanla gərginliyin informasiya məkanında Rusiyanın əleyhinə işləyərək geniş bir ittifaq yaratmaqda olduğunu gördü”.
Onun fikrincə, digər tərəfdən, Rusiya Ukraynada məruz qaldığı hərbi-siyasi uğursuzluğun fonunda ikinci bir cəbhə açmağa resursları yoxdur:
“Üçüncü səbəb isə Azərbaycanla gərginliyin Rusiyanın daxilinə sirayət etmək, milli və dini müstəvidə qarşıdurmaların yaranmasına səbəb ola biləcəyi ehtimalıdır. Belə bir ehtimalla bağlı artıq Rusiya rəsmiləri də danışmağa, həyəcan təbili çalmağa başlayıblar. Ona görə də Rusiyanın geri addım atmaqdan başqa çarəsi yoxdur. Ancaq Rusiya bunu simasını tam itirməmək, imicini qorumaqla etmək istəyir”.
Rafi Müslümov