Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinə start verilir.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 2-6 mart tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.
Müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.
Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə musiqi və təsviri incəsənət fənləri üzrə 30, digər fənlər üzrə 36 bal müəyyən edilib.
Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdiriləcək.
www.yenicag.az