Mühafizə olunan duracaqda avtomobilə ziyan vurulsa, sahibi MƏHKƏMƏYƏ ŞİKAYƏT EDƏ BİLƏCƏK
Mühafizə olunan duracaqda (cərimə meydançası) nəqliyyat vasitəsinə ziyan vurulsa, avtomobilin sahibi məhkəməyə şikayət edə biləcək.
Yenicag.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi müəyyən edilmiş məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq. Əgər nəqliyyat vasitəsi qanunsuz saxlanılıbsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulubsa, sahibi inzibati qaydada və məhkəməyə şikayət etmək hüququ qazanır.
Qeyd edək ki, hazırda nəqliyyat vasitələrinin cərimə meydançasına gətirilməsi və saxlanılması tarifləri aşağıdakı kimidir:
| № | Xidmətlərin adı | Ölçü vahidi | Tariflər (ƏDV ilə, manatla) |
| 1. | Nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə duracaqlara gətirilməsi | 1 ədəd/reys | 20.0 |
| 2. | Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması: | ||
| 2.1. | Çəkisi 3,5 tona qədər olduqda (3,5 ton daxil olmaqla) | 1 ədəd/gün | 1.0 |
| 2.2. | Çəkisi 3,5 tondan 10 tona qədər olduqda (10 ton daxil olmaqla) | 1 ədəd/gün | 2.0 |
| 2.3. | Çəkisi 10 tondan yuxarı olduqda | 1 ədəd/gün | 3.0 |
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.












