"Müharibəni ən çox İsrail istəyir": Hörmüz boğazı və nüvə davasında SON DURUM
“İran xalqı yad hakimiyyəti rədd etdi, rəsmi Tehran isə nüvə məsələsində geri addım atmır”
Yenicag.az xəbər verir ki, bu fikirləri politoloq Ramiyə Mamedova İranın yeni ali dini lideri Müctəba Xamneyinin nüvə proqramı və xarici siyasət kursu ilə bağlı verdiyi ilk bəyanatlarını şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, yeni liderin açıqlamaları İranın mövcud dövlət sisteminin dəyişməz qaldığını sübut edir:
“Müharibənin başlaması və Əli Xamneyinin ölümündən sonra bütün dünya yeni liderin atacağı addımları gözləyirdi. Müctəba Xamneyinin yazılı bəyanat verməsi İranın daxili və xarici siyasətinin cari təzahürüdür. Burada əsas məqam odur ki, ABŞ-ın bu istiqamətdəki strategiyası kifayət qədər zəif idi. Müharibə öncəsi İranda yaşanan daxili qalmaqallar Vaşinqtonda belə bir yanlış rəy yaratmışdı ki, sistem artıq çöküb və kiçik bir müdaxilə ilə xalq ayağa qalxıb rejimi yıxacaq. Lakin müharibə bunun əksini göstərdi. Tarix boyu olduğu kimi, kritik anlarda İran millətinin daha çox birləşdiyinin şahidi olduq. Hətta xaricdə yaşayan iranlılar belə Amerika ilə müharibədə öz ölkələrinə dəstək verdilər və öz torpaqlarında yad hakimiyyəti rədd etdilər.
Bu gün İran xalqı birləşərək öz sözünü deyə bildi. Tehranın ABŞ-la münasibətlərində məqsəd və ideologiyanın dəyişmədiyini görürük. Biz buna 15 maddəlik danışıqlar masasında olan saziş mətnində də şahid olduq. İran üçün hazırda milli təhlükəsizlik hər şeydən vacibdir. Uranın zənginləşdirilməsi məsələsində geri addım atmaq niyyətində deyillər. Eyni zamanda, Hörmüz boğazındakı proseslər fonunda təhlükəsizlik təminatı və sanksiyaların tamamilə qaldırılmasını tələb etməyə davam edirlər”.
Ramiyə Mamedova yeni liderin sərt bəyanatlarına rəğmən, müharibənin həmişəlik bitmə ehtimalının hələ də qaldığını diqqətə çatdırıb:
“Müctəba Xamneyi nüvə fəaliyyətlərinin davam edəcəyini açıqlasa da, müharibənin gələcək taleyi hələ tam məlum deyil. Əslində, nə İran, nə də ABŞ genişmiqyaslı müharibə istəmir. Hazırda müharibənin davam etməsində ən çox maraqlı olan tərəf İsraildir. Donald Tramp da öz çıxışlarında müharibə tərəfdarı olmadığını nümayiş etdirir və danışıqlar prosesinin cəbhədəki sakitlik fonunda davam etməsinə çalışır.
Sülh üçün hər iki tərəf ortaq məxrəcə gəlməlidir. Bu razılaşma həm İranın, həm də Amerikanın maraqlarını nəzərə almalıdır. Əgər İranın təhlükəsizliyinə zəmanət verilərsə, digər şərtləri masa arxasında həll etmək mümkün ola bilər”.
Politoloq sonda vurğulayıb ki, İranın yeni ali hakimiyyət sistemi mahiyyət etibarilə köhnə sistemin davamıdır və hər hansı radikal islahat gözlənilmir.
Nurlan Cəfəri













