"Müharibənin ən dəhşətli fazası başlaya bilər" — Politoloqdan XƏBƏRDARLIQ
“Atəşkəs pozularsa, bu, müharibənin ən dəhşətli fazasına yol aça bilər”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib.
Politoloq ABŞ və İran arasında əldə olunmuş şifahi razılaşmanın 12 saat keçmədən pozulmasına reaksiya verib:
“ABŞ və İran arasında əldə olunmuş razılıq hələ də dünyanın bir çox siyasi dairələri tərəfindən birmənalı qarşılanmır. Razılığın qısa müddətdə pozulması və İranın burada Amerikanı ittiham etməsi ondan xəbər verir ki, tərəflər arasında əldə olunmuş atəşkəs çox həssas, kövrək və ən əsası, etibarsızdır. Görünən odur ki, hələlik nisbi sakitlik olsa da, bu razılığın nə qədər davam edəcəyi şübhə doğurur. Çünki söhbət uzun illər bir-birinə qarşı nifrət və düşmənçiliklə bəslənmiş münasibətlərdən gedir.
Onu da unutmayaq ki, tərəflər arasında davam edən müharibədə hər iki tərəf böyük itkilər verib. İranın ali liderindən tutmuş bir sıra rəsmi şəxslərinin zərərsizləşdirilməsi, iri şəhərlərinin və infrastrukturunun raket atəşi ilə dağıdılması, İranın da qarşılıqlı şəkildə İsrailə zərbələr endirməsi və Amerikanın ərəb ölkələrindəki hərbi bazalarının bombardman edilməsi tərəfləri qanlı itkilərlə üz-üzə qoyub. Belə bir vəziyyətdə tərəflərin uzunmüddətli atəşkəs rejiminə əməl etməsi suallar doğurur. Təbii ki, İsrail tərəfinin danışıqları manipulyasiya etməsi iddiaları da əsas müzakirə obyektidir”.
Politoloq qeyd edib ki, atəşkəs bu dəfə pozularsa, nəticələri daha ağır olacaq:
“Sülh razılaşmasında İsrailin danışıqlar masasında əyləşməsi müəyyən qədər inandırıcı görünmür. Hesab edirəm ki, danışıqlar prosesi və atəşkəs İsrailin tam razılığı ilə baş tutmayıb. Bu, daha çox Amerikanın təkidi ilə əldə olunmuş bir razılaşmadır. Əgər Donald Trampın İsrailə təzyiqi olmasaydı, müharibə dayanmayacaqdı. Ümumiləşdirsək, bölgədə gərginlik hələ də davam edir və bunun hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətindir. Əgər hərbi əməliyyatlar bərpa olunarsa, bu, həm İran, həm də region ölkələri üçün müharibənin növbəti və daha dəhşətli fazası ilə nəticələnə bilər”.
Nurlan Cəfəri













