Azər Əsgərov: “Mülkümü cəbhəçilərə görə dağıtdılar, onlar isə müdafiəm istiqamətində tərpəniş göstərmək əvəzinə məni “satqın” adlandırırlar”
Vaxtilə Şərq bazarının arxasındakı, Dəmirbankın yaxınlığındakı mülkünü AXCP-yə icarəyə verən Azər Əsgərov, onun partladılmasından sonra hələ də, kompensasiya məsələsini həll edə bilməyib. Maraqlıdır ki, mülkü icarəyə götürəndə, A. Əsgərovla sıx əlaqə yaradan AXCP sədri Əli Kərimli, yuxarıda qeyd olunan hadisə baş verəndən sonra, mülk sahibinin taleyilə heç ümumiyyətlə maraqlanmayıb.
Bunu Yenicag.az saytına açıqlamasında Azər Əsgərov deyib: “Hazırda partladılan mülkümlə bağlı hər hansı bir yenilik yoxdur. Bununla bağlı məhkəməyə müraciət etsəm də, 8 aya yaxındır ki, problem həll olunmamış qalır. AXCP rəhbərliyi son zamanlar nə çıxışlarında, nə də görüşlərində bu məsələni yada salmır. Yalnız mart ayının 4-də mülküm dağıdılan günü Əli Kərimli müsahibəsində hadisəni AXCP-yə qarşı terror kimi dəyərləndirib. Ondan üzü bəri unudublar. Yalnız oktyabrın 12-də keçirdikləri mitinqdə, tənqidlərimdən sonra, mülk sahibinə, yəni mənə təzminat ödənilmədiyini açıqlayıb. Həmin partiya tərəfindən hüquqlarımın müdafiəsi istiqamətində xarici qurumlar qarşısında da məsələ qaldırılmayıb. Cəbhəçilər iddia edir ki, guya mən iqtidar tərəfindən danışdırılıram. Ona görə də onlara qarşı belə fikirlər səsələndirirəm. İqtidar tərəfindən danışdırılsaydım, onlar dağılan mülkümə görə kompensasiyamı verərdilər. Heç bir partiyanın da üzvü deyiləm. Vaxtilə isə YAP-ın 1-ci qurultayına nümayəndə seçilmişdim. Amma 1997-ci ildən ondan da ayrıldım. Mülkümü cəbhəçilərə görə dağıtdılar. Onlar isə müdafiəm istiqamətində tərpəniş göstərmirlər. Artıq Əli Kərimli ilə də görüşə bilmirəm. Prezidentlə görüşmək olar, Əli Kərimli ilə isə görüşmək olmur. Əli Kərimli isə adamı saymır. Həyat yoldaşım Türkiyə vətəndaşıdır və belə də həmin evin ortağıdır. O da bütün dünya təşkilatlarına evin dağıdıldığı, bu günə qədər kompensasiya ödənilmədiyi barədə müraciət edim. Amma məsələ ondadır ki, təkcə bizim çıxışımızla məsələ həll olunmur. Yeri AXCP icarəyə götürmüşdü. O da müraciət etməliydi, lakin etmir. Əli Kərimlidən də müraciət etməmələrinin səbəbini soruşmaq istəyirəm, lakin Əli Kərimli qəbul etməkdən qaçır. Əvəzində facebookda cəbhəçilər mənə qarşı təhqiredici ifadələr işlədir, satqın adlandırırlar”.
Rüfət/Yenicag.az
www.yenicag.az