Müsavat bəyanat verdi
“23 dekabr 2014-cü ilə təyin olunan Bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi mərhələsində DSK və hakimiyyət nümayəndələri tərəfindən süni əngəllər yaradılması haqqında bölgələrdən alınan məlumatlar artmadadır. Bu maneələr əhalinin Bələdiyyə seçkilərinə olan inamsızlığının daha da möhkəmlənməsinə səbəb olur”.
Bu fikirlər Müsavat Partiyasından daxil olan məlumata görə, bəyanatda öz əksini tapıb. Həmin bəyantı olduğu kimi təqdim edirik:
“Müsavat Partiyası Mingəçevir rayon təşkilatından verilən məlumata görə, Mingəçevir şəhər bələdiyyəsinə namizədliyi irəli sürülən üç partiya üzvünün namizədliyinin təsdiq edilməsi və onlara imza vərəqələrinin təqdim edilməsi 47 saylı Dairə Seçki Komissiyası tərəfindən süni şəkildə yubadılır. Eyni zamanda partiya üzvlərinin Bələdiyyə seçkilərində müşahidəçi kimi iştirak etmək məqsədilə təqdim edilən sənədlər DSK tərəfindən qəbul olunmur.
Müsavat Partiyasının Zaqatala rayon təşkilatının üzvü Ramazan Muxtarlı Aşağı Tala kənd bələdiyyəsinə namizədliyinin irəli sürülməsinə yerli icra hakimiyyəti strukturları maneçilik törədir. Belə ki, yerli icra nümayəndəsi namizədliyin irəli sürülməsi üçün tələb olunan “yaşayış yerindən arayış” sənədini R.Muxtarlıya verməkdən yayınır. Səbəbsiz olaraq 3 gündür iş yerinə gəlmir.
Eyni əməl rayonun digər kənd icra nümayəndələri tərəfindən də namizəd olmaq istəyən sakinlərə qarşı törədilir.
Müsavat Partiyası bu pozuntuların Seçki Məcəlləsinə zidd olduğunu, hakimiyyətin Bələdiyyə seçkilərində müxalifətin iştirakına maneçilik yaratmaq niyyətinin nəticəsi kimi dəyərləndirir. Yol verilən bu qanun pozuntularının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq dərhal aradan qaldırılmasını tələb edir”. (musavat.com)