Müsavatın törəmələri çoxalır
Füzuli Vəziroğlu: “Birliyin gələcəkdə partiyaya çevrilməsi barədə düşünmürük”
Müsavat Partiyasından ayrılan daha bir nəfər də öz ətrafında yeni bir birlik yaradıb. Belə ki, bu yaxınlarda partiyadan istefa verən Füzuli Vəziroğlu Azərbaycan vahid milli-azadlıq hərəkatı iştirakçılarının Birliyi adlı qurum yaradıb. Bu qurumun fəaliyyət istiqaməti, məramı barədə məlumat almaq üçün Yenicag.az saytı olaraq F. Vəziroğluna müraciət etdik.
Həmsöhbətimiz açıqlamasında birliyi yaratmaqda məqsədlərinin nə olduğuna aydınlıq gətirdi: “7 nəfərdən ibarət milli-azadlıq hərəkatı iştirakçılarından ibarət təşəbbüs qrupu yaratmışıq. 2015-ci ilin ikinci ongünlüyündə təşkilat komitəsi yaradılacaq. Qurumun məqsədi cümhuriyyətçilik, demokratiya, milli dəyərlərə sahib olmaqdır. Vaxtilə “Bizim Azərbaycan” blokunun təsisçi və qurucularından biri olmuşam. Sonra da Müsavatla birləşdik. Amma indi fəaliyyətimizi müstəqil şəkildə davam etdirmək qərarına gəldik. Təbii ki, qurum digər siyasi təşkilatlar, o cümlədən Müsavatla da birgə əməkdaşlığa gedəcək. Sadəcə müəyyən fikir ayrılıqları bizi müstəqil fəaliyyət göstərməyə sövq etdi. Bu birliyin gələcəkdə partiyaya çevrilməsi barədə isə düşünmürük”.
Rüfət