“Türkiyə Krımdan Ukraynanın əsas ərazisinə gələn tatarları min mənzillə təmin etməyi öz üzərinə götürüb”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Krım tatarlarının lideri Mustafa Cəmilov BBC-nin rus xidmətinə müsahibəsində deyib.
Mustafa Cəmilov bildirib ki, Türkiyə Krım tatarlarının üzləşdikləri problemlərin həlli üçün əlindən gələni edir:
“Mən Türkiyənin xarici işlər naziri ilə söhbətimdə həbsdə olan Krım tatar siyasi məhbusların azadlığa buraxılmalarına yardım göstərdiyi üçün ona minnətdarlığımı bildirdim. Nazirə dedim ki, bizim hələ həbsdə olan insanlarımız az deyil və onların da azadlığa çıxmalarına dəstək verməyi xahiş etdim.
Aldığım cavab təxminən belə oldu: “Siz ki bilirsiz, Putin pulsuz heç nə etmir. Biz iki Krım tatarının azad olunması üçün Türkiyədə çeçen dissidentləri qətlə yetirən Rusiya kəşfiyyatının iki qanlı əməkdaşını ona qaytardıq”. Kömək etməyə çalışacaqlarını desələr də, konkret vəd vermədilər.
İyulun 12-də Transatlantik qaz kəmərinin açılış mərasimində isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm və ondan Çiygöz ilə Umerovun azad olunmalarına yardım göstərməyi xahiş etdim. Ərdoğana bizim hazırda 60-a yaxın siyasi məhbusumuz olduğunu dedim.
Ərdoğan məndən onlardan bəzilərinin adlarını soruşduqda, Oleq Sentsovun və daha bir neçə nəfərin adlarını verdim. Bundan sonra Türkiyə səfirliyi bizdən siyasi məhbusların siyahısını istədi. İndi bu məsələnin hansı mərhələdə olduğunu bilmirəm.
Biz Türkiyə ilə bir neçə istiqamətdə əməkdaşlıq edirik. Bütün bunlardan əlavə, Türkiyə Krımdan Ukraynanın əsas ərazisinə gələn tatarları min mənzillə təmin etməyi öz üzərinə götürüb.
Mən Ərdoğana həmçinin dedim ki, Ukraynada müstəqil Pravoslav Kilsəsinin olması bizə də, Ukraynaya da çox lazımdır. Çünki hazırda Moskva pravoslavların Məkkəsi hesab olunur. Ukrayna kilsəsi müstəqil olarsa, o halda həmin status İstanbula keçəcək. Bunun isə ciddi siyasi əhəmiyyəti var”.
www.yenicag.az