Zahid Oruc: “Bu da müxalifətin iş yeridir, onu əldən vermək istəmirlər ki…”
Pənah Hüseyn: “Müxalifətin hazırda təşkil etdiyi mitinqlər…”
Parlament seçkilərinə bir il zaman qalıb. Azərbaycan müxalifəti isə indidən mitinqlərə qərar verib. Görəsən, belə tələskənliyə səbəb nədir? Bu istəyin arxasında hansı qaynaq dayanır? Halbuki, onlar daha ciddi təşkilatlanaraq, bir müddət sonra mitinqlərə start verməklə daha uğurlu nəticələrə nail ola bilərlər. Bunun əvəzində, maksimum min nəfərlik mitinqlərlə nəyə nail olmaq istəyirlər?
Yenicag.az-a açıqlamasında millət vəkili Zahid Oruc düşünür ki, belə tələskənliklə müxalif liderlər özlərinə məxsus iş yerlərini əldən vermək istəmədiklərini ortaya qoymuş olurlar: “Müxalifətin mitinqlərinin hədəfi guya hakimiyyət olsa da, mahiyyət etibarilə müxalifət daxilindəki problemlərin həllinə xidmət etmək mövqeyi tutulub. Amma əksinə, proses gedir. Cəmiyyət ümumiyyətlə, bu aksiyalardan tamamilə məlumatsızdır. Xəbərlərin izləmə sayı da sübut edir ki, insanlar bu tədbirin böyük siyasi nəticələrini gözləmirlər. Məsələnin başqa bir tərəfi odur ki, bu tədbiri gələcək seçki proseslərinin hazırlıq məşqi kimi həyata keçirən, onun təşkilatlanmaya xidmət edəcəyini düşünən, protest elektoratını öz çevrələrinə cəlb etməyə çalışan bir hadisə kimi reallaşdırsaydılar, qüvvələrinin getdikcə gücləndiyi hiss olunardı. Ancaq müxalifətin hazırki gücü bir “Məhsul” stadionuna yerləşəcək qədərdir. Onlar tədbirlərini keçirəndə ölkəyə müraciət edərək, bütün tərəfdarlarını çağırırlar. Belə olan təqdirdə, əhalinin 4 milyona yaxınının məskunlaşdığı Bakı camiyyəsində cəmi min nəfərlə mitinq keçirmək hətta bir bələdiyyəni udmaq üçün çatmayacaq elektoral bazanın olması deməkdir. Bu fonda hakimiyyəti özləri ilə hesablaşmağa vadar etmək, ictimai proseslərdə əsas diqtə sahibi olmaq kimi bütün planları iflasa uğrayır. Hazırda müxalifət özünün ən zəif durumunu yaşayır. Onlar arasında olan bəlli qarşıdurmalar hələ heç zaman bu qədər açıq müstəviyə çıxmamışdı. Ona görə düşünürəm ki, 2015-ci il parlament seçkilərini yenə də uduzublar. Ancaq, müxalifətdə elitada olan bir neçə şəxs müxalif yemini əldə saxlamaq üçün təbii ki, işləməlidirlər. Bu da onların iş yeridir. Onu da əldən vermək istəmirlər ki, həyatları üçün ağır sosial problemlər doğurmasın”.
AXP sədri Pənah Hüseyn isə Yenicag.az-a açıqlamasında suala konkret cavab verməkdən yayındı: “Müxalifətin hazırda təşkil etdiyi mitinqlər siyasi məhbus probleminə həsr olunub. Bunun qarşıdan gələn parlament seçkilərinə nə aydiyyatı var?”
Rüfət
www.yenicag.az