“İmkanları xeyli məhdudlaşdırılmış müxalifətin indiki halda öz resurslarını sərf etməsi doğru olmazdı”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında müxalifət partiyalarının öz fəaliyyətlərini hakimiyyət daxilində gedən proseslərə uyğunlaşdırmaları haqda fikirlərə münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.
Elşad Musayevin sözlərinə görə, Azərbaycan hakimiyyətinin addımlarını proqnozlaşdırmaq mümkün olmadığı üçün növbədənkənar parlament seçkilərinin təyin edilib-edilməyəcəyinə dair birmənalı fikir bildirmək çətindir:
“Məlumdur ki, son illərdə Azərbaycan müxalifəti xeyli zəifləyib, imkanları məhdudlaşdırılıb. Bunun da əsas səbəbi ölkə hakimiyyətinin müxalifətə qarşı güzəştsiz siyasətidir.
Belə bir vəziyyətdə müxalifətin siyasi prosesləri aktivləşdirmək istiqamətində hərəkətə keçməməsi təbiidir. Başqa sözlə desək, müxalifət mövcud imkanlarını nəzərə alaraq, məcburi gözləmə mövqeyindədir.
Ona görə də müxalifət partiyalarının hakimiyyətdaxili proseslərin nəticəsini gözləmələri təbiidir. Hər halda, müxalifətdəki siyasətçilər kifayət qədər təcrübə qazanıblar. Həm də imkanları xeyli məhdudlaşdırılmış müxalifətin indiki vəziyyətdə öz resurslarını sərf etməsi doğru olmazdı.
Bəli, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda fikirlər xeyli intensivləşib. Lakin Azərbaycan hakimiyyətinin addımlarını proqnozlaşdırmaq mümkün olmadığı üçün növbədənkənar parlament seçkilərinin təyin edilib-edilməyəcəyinə dair birmənalı fikir bildirmək çətindir”.
A.Zeynalov
www.yenicag.az