Nanotexnologiya əsrinin “Şeyx Nəsrullah”ları: Bakıdakı onlayn cinçıxarma biznesinin qarşısı niyə alınmır? - VİDEO

media-hightechnic-468x90

21-ci əsrdə yaşayırıq. Süni intellektin, nanotexnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə cəmiyyətin qarşısına hələ də XIX əsrdən qalma xurafat üsulları çıxarılır. Təəssüf ki, müasir texnologiyalar bəzi hallarda maarifləndirmə üçün deyil, insanları aldatmaq üçün istifadə olunur.

media-banner_tkm

Sosial şəbəkələrdə yayılan görüntülər göstərir ki, özlərini “ruqya mütəxəssisi” kimi təqdim edən bəzi şəxslər açıq şəkildə “cinçıxarma”, “suya oxuma” və müxtəlif “müalicə” adları altında fəaliyyət göstərirlər.

Bu şəxslər artıq köhnə üsullarla deyil, müasir platformalar vasitəsilə fəaliyyətlərini genişləndiriblər. Instagram, TikTok və digər sosial şəbəkələrdə canlı yayımlar açılır, müxtəlif videolar paylaşılır və insanlar bu görüntülərlə inandırılmağa çalışılır. Videolarda iddia olunur ki, guya insanların bədənindən “cin çıxarılır”, hətta həmin “cinlərin” müxtəlif dillərdə  çin və ya portuqal dilində danışdığı göstərilir. Bütün bunlar isə izləyicilərdə qorxu və çaşqınlıq yaradaraq onları bu mərkəzlərə müraciət etməyə sövq edir.

Məsələnin diqqətçəkən tərəfi odur ki, bu fəaliyyət gizli şəkildə deyil, tam açıq aparılır. Sosial şəbəkələrdə reklam yerləşdirilir, telefon nömrələri paylaşılır, hətta “Ruqya və Sağlamlıq Mərkəzi” adı ilə şəhərin mərkəzində ofislər fəaliyyət göstərir. İnsanlara Qurandan ayə oxunması və “cinçıxarma” adı altında xidmətlər təklif edilir. İddialara görə, bir dəfə Quran oxunmasının qiyməti 200 manatdan başlayır.

Belə fəaliyyətlərin din adı ilə aparılması isə ayrıca narahatlıq doğurur. Çünki din insanların mənəvi dünyası ilə bağlıdır və bundan istifadə edərək maddi qazanc əldə etmək cəmiyyətdə ciddi problemlərə səbəb ola bilər. Mütəxəssislər dəfələrlə bildiriblər ki, bu cür hallarda insanların “cin tutulması” kimi təqdim olunan problemlərinin əksəriyyəti əslində psixoloji və ya tibbi xarakter daşıyır. Belə hallarda insanlar ruqya adı ilə fəaliyyət göstərən şəxslərə deyil, həkimə və ya psixoloqa müraciət etməlidirlər.

Digər maraqlı məqam isə ondan ibarətdir ki, iddialara görə, bu fəaliyyətlə məşğul olan əsas şəxslərdən biri Özbəkistandan gəlib. Bildirilir ki, həmin ölkədə bu cür fəaliyyətlər ciddi şəkildə cəzalandırılır və qanunvericilik buna imkan vermir. Lakin eyni şəxs Azərbaycanda açıq şəkildə fəaliyyət göstərir, sosial şəbəkələrdə reklam edilir və müştərilər cəlb edir.

Bu isə haqlı suallar yaradır: Belə fəaliyyətlərin qanunvericilikdə hansı məsuliyyəti var? İnsanları qorxutmaq və müxtəlif “cinçıxarma” üsulları ilə pul toplamaq dələduzluq kimi qiymətləndirilə bilərmi? Əgər belədirsə, niyə bu məsələ ilə bağlı ciddi araşdırmalar aparılmır?

Cəmiyyətin diqqəti bu məsələdə həm hüquq-mühafizə orqanlarına, həm də dini fəaliyyətə nəzarət edən qurumlara yönəlir. Xüsusilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər aidiyyəti strukturların bu cür hallarla bağlı mövqe bildirməsi gözlənilir. Çünki məsələ artıq təkcə bir neçə şəxsin fəaliyyəti deyil, sosial şəbəkələr vasitəsilə geniş auditoriyaya yayılan bir tendensiyaya çevrilir.

Ekspertlər hesab edirlər ki, belə halların qarşısını almaq üçün iki istiqamətdə addımlar atılmalıdır: Bir tərəfdən qanunsuz fəaliyyət göstərən şəxslərlə bağlı hüquqi tədbirlər görülməli, digər tərəfdən isə cəmiyyətdə maarifləndirmə işi aparılmalıdır. İnsanlar anlamalıdırlar ki, sağlamlıq problemlərinin həlli üçün tibbi və psixoloji yardım mövcuddur və bu cür xurafat üsullarına aldanmaq onları daha böyük problemlərlə üz-üzə qoya bilər.

Əgər bu cür fəaliyyətlərə qarşı ciddi tədbirlər görülərsə və qanunu pozan şəxslər məsuliyyətə cəlb olunarsa, bu sahədə başqalarının da eyni yolu seçməsinin qarşısı alınar. Əks halda isə sosial şəbəkələrdə yayılan bu tip videolar və “möcüzəvi müalicə” iddiaları daha çox insanın aldadılmasına səbəb ola bilər.

Sonda isə təqdim olunan videolara diqqət yetirmək kifayətdir. Orada göstərilən görüntülər və iddialar hər kəsi bir sual ətrafında düşündürür: Texnologiya əsrində belə xurafatın bu qədər rahat şəkildə yayılmasına niyə hələ də imkan verilir?!

Camal Cavanşir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05