“Rusiya bu məsələyə həssas yanaşaraq, NATO-nun şərqə doğru genişlənməsinə imkan verməməyə çalışır”.
Bu fikirləri NATO-nun baş katibi Yens Stoltenberqin Ukrayna ilə Gürcüstanın alyansa üzvlüyünün zaman məsələsi olduğu və Rusiyanın bu məsələyə qarışa bilməyəcəyi haqda fikirlərini şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Yenicag.az-a açıqlamasında deyib.
Sabiq nazirin fikrincə, NATO-Rusiya danışıqlarının gərgin keçməsinə baxmayaraq, tərəflərin müəyyən məsələlərdə anlaşacağı istisna deyil:
“Stoltenberqin Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü barəsində dediklərinə gəldikdə, bir məqam mütləq nəzərə alınmalıdır. Bu da ondan ibarətdir ki, NATO-ya götürüləcək yeni üzvlərin heç də hamısı əməkdaşlığın bütün istiqamətlərində iştirak etməyə bilər. Burada sözsüz ki, ilk növbədə o ölkələrdə nüvə başlıqlarının yerləşdirilməməsi şərti önə çıxır.
Yəni Rusiya çox ehtiyatlanır ki, NATO-nun şərqə doğru genişlənməsi nüvə silahının məsafəsini xeyli qısaltmış olacaq. Bu isə Moskvanın maraqlarına uyğun deyil. Ona görə də Rusiya bu məsələyə belə həssas yanaşaraq, NATO-nun şərqə doğru genişlənməsinə imkan verməməyə çalışır. Amma yuxarıda vurğuladığım detal əsasında NATO-ya yeni üzvlər götürülə bilər.
Stotltenberqin mətbuat konfransında səsləndirdiyi bəzi fikirlərə əsasən deyə bilərəm ki, NATO-Rusiya danışıqlarının gərgin keçməsinə baxmayaraq, tərəflərin müəyyən məsələlərdə anlaşacağı istisna deyil”.
A.Zeynalov
www.yenicag.az