Nazirlərin idarə etdiyi sistemin “ƏLİLLİYİ” – “Siyahıdan çıxarılan 100 xəstəlik…” – ŞƏRH

“Bir gün qazilərlə bağlı çox ciddi problem olacaq. Bunun qarşısını nə Sahil Babayev ala biləcək, nə Anar Bayramov, nə də Samir Şərifov”.

Bunu əlillik dərəcəsinin verilməsi ilə bağlı problemlər, dövlət qurumlarının etinasız yanaşmaları, qanunvericilikdəki boşluqları şərh edən “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat katibi, Birinci Qarabağ döyüşlərinin iştirakçısı Rey Kərimoğlu Yenicag.az-a açıqlamasında deyib.

Rey Kərimoğlu bildirib ki, qanunvericilikdəki boşluqlar aradan qaldırılmayana qədər bu problemlər davam edəcək:

“2015-ci ildə Milli Məclisdə Əlillik meyarlarının müəyyənləşdirilməsi qaydası haqqında qanun qəbul edilib. Onun ardınca Nazirlər Kabineti həmin qanuna uyğun olaraq 413 saylı eyni adlı qərar qəbul edib. Bu da 2016-cı ildən qüvvəyə minib. 2015-ci ildən əlillik dərəcələri beş illik verilirdi. 5 il gəlib 2020-2021-ci illərə düşdü. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) beş illik verilmiş dərəcələrə 2015-ci ildə qəbul edilmiş qərara istinadən baxır.

Qərar qəbul edildikdən sonra, kodlaşdırma zamanı 1500-ə yaxın diaqnoz və xəstəliklər siyahıdan çıxarılıb. Hansıki həmin diaqnoz və xəstəliklər əlilliyə səbəb olub. Bəzi insanlara da yeni qanunla əlillik düşmür.

Araşdırmalarım nəticəsində bəlli oldu ki, prezidentin əlillik dərəcəsinin verilməsi və müəyyən edilməsinin elektronlaşdırılmasına dair fərmanı olub. Fərmandan sonra Səlim Müslümov (sabiq nazir) Milli Məclisə bir təkliflər paketi ilə gəlib və bildirib ki, prezident tapşırıb ki, bunu qəbul etmək lazımdır. Milli Məclis bunu müzakirə etmədən qəbul edib. İndi araşdıranda məlum olur ki, heç bir elmi, tibbi araşdırma aparmadan həqiqətən də. 100-150 xəstəlik sistemə vurublar, amma bu kodlaşdırma vaxt aparan iş olduğundan 1500 civarında xəstəlik və diaqnozu sistemə vurmayıblar.İndi ona görə də, qarışıqlıq yaranıb.

Sahil Babayevin rəhbərlik etdiyi ƏƏSMN əlillik dərəcələri verməyə başlayandan problemlər başladı. Əvvəlcə nazirlikdən narazılıqlar oldu. Daha sonra etiraz edənləri dəvət etdilər nazirliyə və izah elədilər ki, problemin kökü başqadır. Nazirlik yeni qanun hazırlamağa başladı. Türkiyə modelində olduğu kimi, bütün yaralılara əlillik dərəcələri verilməlidir. Həmin qanuna əsasən 3 qrup yox, 6 qrup olacaqdı. Ancaq həmin layihə bir müddət Milli Məclisdən keçə bilmədi. Jurnalist olaraq versiyam budur ki, maliyyə naziri Samir Şərifov bu qanunun qəbul edilməsinə mane olub. Çünki siyahıdan çıxarılmış 1500 xəstəlik və diaqozun 800-ü bərpa ediləcəkdi. Bu da təxminən 55-60 faiz edir. Bu da o deməkdir ki, indi küçələrə çıxıb etiraz edən şəxslərdən 55-60 faizi əlillik dərəcəsi ala biləcək. Samir Şərifov və bir qrup şəxs isə buna etiraz edərək mane oldu və bununla da yeni qanunun qüvvəyə minməsi gələn ilin iyul ayının 1-nə təyin edildi”.

Rey Kərimoğlu iddia edib ki, bu oyunların başında Samir Şərifov və bizə bəlli olmayan digər güclər durur:

“ƏƏSMN-in özünün də narazılığa səbəb olacaq yaratdığı problemlər var. Bəzən elə olur ki, vətəndaşa 3-cü qrup verilə də bilər, verilməyə də bilər. Nazirlik maraqlıdır ki, əlillik dərəcəsi verilməsin. Komissiya qərar qəbul etmək anında əlillik verməməyə üstünlük verir. Nazirliyin içərisində bəzi adamlar var ki, onlarda qazilərə və əlillərə antipatiya var. Komissiyanın tərkibində Yusif Bənəniyarlı çox amansız davranır. Heç elə bil ki, insan taleyi ilə bağlı qərar vermir. Ümumilkdə, qazilər o komissiyadan çox şikayət edir.

Ömürlük əlilləri yenidən komissiyaya çağırırlar. Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov müsahibə verib və bildirib ki, belə bir hal yoxdur. Anar Bayramov  yalan danışır. Amputasiya olunmuş əlilləri də komissiyaya çağırırlar, ömürlük əlillik dərəcəsi verilmişləri də. Biz bu məsələləri nazirlikdə yüksək post tutan şəxslərlə müzakirə etmişik və iradlarımızı da bildirmişik ki, bu cür hallar yolverilməzdir.

Protez istəyən, arayış arxasınca gedən hər bir ömürlük əlillik almış müharibə iştirakçısına Tibbi-Sosial Ekspert Komissiyasından (TSEK) deyirlər ki, adınız bazada yoxdur, sənədlərinizi bazaya daxil edin. Həmin qazi də gedir regional TSEK-ə. Orda da ona deyirlər, mərkəzə getmək lazımdır. Ora gedən kimi də, adamı komissiyaya salırlar. Beləcə narazılıq yaranır. Nazirlikdə 5-3 nəfəri çıxmaq şərti ilə ƏƏSMN-də işləyən şəxslərin qazilərin, əlillərin küçəyə çıxmasından narahat olmadığını görmüşəm. Yaranmış vəziyyətin dövlət üçün hansı təhlükə olmasını, bunların dövlətə baş ucalığı gətirmədiyini anlamırlar. Bu dövlət müharibədəki qələbəni prezident İlham Əliyevin ölkədə yaratdığı stabilliyin hesabına əldə edib. Biz 90-cı illərdə müharibəni uduzmağımızın səbəbi Bakı, Bakıdakı siyasi qarışıqlıq oldu. Hazırda ƏƏSMN-də işləyən bir qrup var ki, konkret bu işlə məşğuldur. Yanaşmaları quru, mexanikidir. Bu da insanların küçələrə çıxmasına şərait yaradır. Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyində və TSEK-də qazilərə qarşı qərəz var. Sahil Babayevə güvənirəm ki, bu məsələni araşdıracaq və yanaşmanın qarşısını alacaq. Əgər bunun qarşısını ala bilməsə, çox ciddi problemlər ortaya çıxacaq və onda da bunun qarşısında dayana bilməyəcək.

Dövlət qurumlarına müraciət edirəm ki, baş verənlər araşdırılsın. Dövlətə qarşı çox ciddi problemlər yarana bilər. Bunun başında Samir Şərifov və yaralamış qazinin dərəcəsini kağıza köçürən o kimissiyalarda oturan insanlar durur. Problem qanunvericilikdə və ƏƏSMN-dəki bəzi məmurlardadır”.

Qarabağ qazisi ƏƏSMN-in verdiyi qrantlar və İctimai Şuranın fəaliyyəti barədə isə bunları deyib:

“Ölkədə qazilər, şəhid ailələri ilə bağlı işləyən bir neçə təşkilat var. Dövlət qurumları bu təşkilatlarla düzgün işləməlidir. Xüsusilə ƏƏSMN bu təşkilatlarla işini düzgün qura bilmir. ƏƏSMN yanında İctimai Şuranın fəaliyyəti çox bərbaddır. Bunu o şuranın üzvü kimi deyirəm. Digər tərəfdən ƏƏSMN-də bir neçə milyonluq layihələr verilir. O layihələr kimlərə verilir? Qazilərin yanında olan, şəhid ailələrinin problemləri ilə məşğul olan təşkilatları o layihələrə yaxın buraxmırlar. Demirəm ki, o layihə verdikləri adamlara qrant verməsinlər. Versinlər, ancaq bir dənə, iki dənə. Dövlətçilik məsələlərində sinəsini qabağa verməyən adamlara ƏƏSMN 100 min manatlarla qrant verir”.

Səxavət Məmməd