Qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılması ölkədə aparılan islahatların əsas istiqamətlərindəndir.
Vergilər Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, Nazirlik qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etməkdədir.
“ASAN xidmət”lə birgə əməkdaşlığa əsasən, həmin qurumun nəzdində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi əmək müqaviləsi olmadan vətəndaşları iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edən şəxslər barədə məlumatları Vergilər Nazirliyinə təqdim edir. Tikinti sahəsində işçilərin uçotunun aparılması məqsədilə tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılıb. Kameralar vasitəsilə tikinti meydançalarında çalışan insanların əmək müqaviləsi, statistikası və digər zəruri məlumatlar müəyyən ediləcək, həmin informasiyalar «ASAN xidmət»in Monitorinq Mərkəzinə inteqrasiya olunub.
Vergilər Nazirliyi 2018-ci ildə vergi ödəyiciləri və sahibkarlarla birlikdə rəsmi məşğulluğun təmin edilməsi sahəsində faydalı müzakirələr apararaq qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlərin hazırlanması və tətbiqini planlaşdırır.
Vergi və hüquq üzrə mütəxəssis Vilayət Abbasovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək miqdarda cərimə edilir.
Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin «Qeyd» hissəsinə əsasən, həmin maddədə «xeyli sayda» dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.
Prezident İlham Əliyevin Vergi, İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər edilməsi barədə imzaladığı müvafiq sərəncamlara əsasən, ölkədə əmək müqaviləsi olmadan işçiləri işlədən işəgötürənlərə, qeyri-rəsmi məşğulluğun yaranmasında iştirakçı olan müəssisələrə qarşı qanuna müvafiq qaydada sərt tədbirlər görüləcək. Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməyən təşkilat və müəssisələrin vəzifəli şəxsləri, sahibkarlar məsuliyyətə cəlb olunacaqlar. Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab ediləcək. Həmin cinayət hərəkətini törədənlər vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.
2018-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmiş «İşsizlikdən sığorta haqqında» Qanunun tələblərinə əsasən, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə işəgötürən müəssisə və işçilər əlavə olaraq əməkhaqqının 0,5%-i miqdarında əməyin ödənişi fonduna pul ödəyirlər. Qanunun müddəaları dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar olunması nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.
www.yenicag.az