Nazpəri azadlığa buraxılan sürücü barədə: “Cinayəti ört-basdır edib”

Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndirilən şəxslərdən birinin azadlığa buraxılması ilə bağlı xəbər yayılıb.

Xalq artisti məsələ ilə bağlı Yenicag.az-a açıqlama verib:

“Asif Həmidov adlı həmin şəxs taksi sürücüsü olub. Onun oğurluq hadisəsində əli olmayıb, sadəcə olaraq cinayəti ört-basdır edib. Yəni hüquq mühafizə orqanlarını məsələ ilə bağlı xəbərdar etməyib. O şəxs məhkəməyə qədər zaminə buraxılıb”.

Qeyd edək ki, istintaq dövründə həmin cinayət işi üzrə təqsirləndirilən Asif Həmidovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) və 234-cü (narkotik) maddələri 307.1-ci (cinayəti bilərək məlumat verməmə) maddəsinə dəyişdirilib.

Qeyd edək ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü – Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər.

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.

Cəvahir

COP29