!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nə zaman adam olacağıq? – Aqil Ələsgər yazır

!Reklam – Yazi

Əslində, dünənki Selcan hadisəsi bir neçə mövzunu bərabərində gətirdi.

Türkiyəli yazar Fatih Altaylının hər köşəsinin sonunda verdiyi bir sual var: “Nə zaman adam olacağıq?” Əslində, tam da bu sualın yeridir.

Mövzu 1.

Sırf cəbhədaşlarını qorumaq üçün o cəbhədaşın minicik qızını daşqalaq etmələri başlı-başına bir mövzudur. Hakimiyyətə demokratiya, tolerantlıq dərsi keçənlər bir kiçik qızın atasına haqlı və ya haqsız etirazına dözüm gətirə bilmədilər. Lap elə rəhmətlik Elçibəyin dediyi tərzdə, tankın qabağında duruş gətirən oğlanların dolların qarşısında əridikləri kimi…

Məşhur bir lətifədə “vorzakon” oğluna sayğı duyanların onun atasını döydükləri kimi, burada da Fuad Qəhrəmanlını göylərə qaldıranlar onun qızını ən ağır təhqirlərə məruz qoydular. Yəni, demokratiya və tolerantlıq başqa meydanda oynayanda lazımdır, öz sərhədlərin çərçivəsində ən demokrat görünən, əslində, potensial avtoritar rejim köpəyidir.

Mövzu 2.

Sosial media publikaya oynamaq meydanına çevrilib. Əslində isə “Feysbuk riyakarlıq yuvasıdır” deyənlər heç də yanılmırlar. Çünki kimdə nə əksikdirsə, sosial mediada ondan danışır.

Məsələn, öz ailəsi onun ucbatından problemlər məngənəsində boğulur. Ancaq qaqaş oradan #selcanüçünsusma həştəqi ilə statuslar guppuldadır. Öz övladı onun sifətinə həsrətdir, ancaq o, #Elinaüçünədalət istəyir. Ədalət istənilməsi müsbətdir, ancaq o ədalət evdən başlanmalıdır.

Sözsüz, davasız-mübahisəsiz ev yoxdur. Ər yaxşı olanda, qaynana və ya gəlinin kontaktları yaranana qədər söz-söhbət olur. Bəzən, uşaq belə bu söz-söhbəti səngidə bilmir. Heç birimiz də elit avropalı deyilik ki, ömrümüzdə bir dəfə də olsun, “ay arvaddddddd” deyə, qışqırmayaq.

Dərd orasındadır ki, nəinki “ay arvaddddd” qışqıran, həyat yoldaşlarını döyüb ölümcül vəziyyətə salanlarla qızlarını travmalı böyüdənlərin səsi sosial mediada daha gur çıxır. Gah yubka geyərək başlarını örtüb, qadına dəstək aksiyaları keçirir, sosial medianın “bülbü”lünə çevrilirlər. Evləndikləri qadınlar isə onlardan xilas olduqda, qurban kəsirlər.

Yəni, ya olduğun kimi görünəcəksən, ya da göründüyün kimi olacaqsan. Sosial medianın feminist kişiləri isə tam tərsini edirlər. Şəbəkədəki “centlmen”lər içərilərində boğub saxladıqları canavarları məhz evdəki qadınların üzərinə buraxırlar. Kimisi barmaq qırır, kimisi diz… Yəni İsa Peyğəmbər demişkən, ilk daşı günahsız olanın atması daha məqbuldur.

Mövzu 3.

Uzun illər öncə bir dostumuz “Kəşfiyyatçı ilə “Yurd”çunun sabiqi olmur”, – demişdi. Dünən iki daşın arasında Fuad Qəhrəmanlıya ötürülən “Əhəd Abıyev” pası bu gerçəkliyi bir daha təsdiq etdi. İllərlə ayrı qalsalar, hətta bir-birlərini gözləri götürməsə belə, kritik məqamda bu faktor öz sözünü deyir.

Mövzu 4.

Biz mövzuya bağlana bilmirik. Mütləq önəmsiz bir detal əsas mövzunun önünə keçir və fikrimizi ora yönəldirik. Dünəndən bir çoxunu Selcanın sözləri deyil, boynundakı xaç maraqlandırır. Əsas müzakirə mövzusuna o xırda, tam da xaç olub-olmadığı bilinməyən nəsnə çevrilib.

Tutalım, elə dinini dəyişib, məzhəbi-İsaya keçib. O zaman sözləri dəyərini itirir? Bəlkə dinini dəyişdiyi üçün iki dizinin sındırılmasını haqq edir? Danışanda XXI əsrdən dəm vurub, sonra da belə feodal düşüncə tərzini sırımaq nə deməkdir? Nə zamana qədər insanların geyim tərzi, dini-milliyyəti fikirlərindən üstün sayılacaq?

Qısacası, bir övlad etirazı öz-özlüyündə bir çox mətləbi gündəmə gətirdi. Gətirməklə də yetinməyib, bizim Mirzə Cəlil, Sabir, Üzeyir bəy Hacıbəyov dönəmindən bu yana doğru yerimizdə saydığımızı gözlər önünə sərdik. Geyimimiz, qiyafəmiz, miniklərimiz dəyişsə də, qafa olaraq, hələ də XIX əsrin ortalarında vurnuxuruq.

Nə zaman adam olacağıq? Bu qafa tərzi ilə heç vaxt!..

Aqil Ələsgər

COP29

www.yenicag.az

2457
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv