2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 593,1 milyon manat, büdcə xərcləri isə 9 046,3 milyon manat təşkil edib.
ARDNF-dən Yenicag.az-a verilən məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 235,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 445,5 milyon manat, bonus ödənişləri 767,8 milyon manat, akrhesabı ödənişləri 6,8 milyon manat, tranzit gəlirləri 15,0 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 358,0 milyon manata bərabər olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 2 394,0 milyon manat təşkil edib.
2020-ci ilin 30 sentyabr tarixinə Fondun aktivləri 2020-ci ilin əvvəlinə (43 323,3 milyon ABŞ dolları) nisbətən 0,08% azalaraq 43 288,6 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin azalmasına səbəb koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-nin büdcə xərclərinin büdcə gəlirlərini üstələməsi olub.
www.yenicag.az