“Sosial şəbəkələrdə və mediada cinayət xəbərlərinin intensivləşməsi bu halları insanların nəzərində xeyli adiləşdirib”.
Bu fikirləri son illərdə insanlar arasında artan aqressiyanın səbəbləri haqda danışan psixoloq Gülnar Orucova Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, aqressiyanın mənbəyi insanların içində illərdir yığılan kin, nifrət, başqalarının uğurları ilə barışa bilməmə kimi səbəblərdir:
“On il öncə hazırda artan cinayətlərə çox az hallarda rast gəlirdik. Çünki o zamanlar sosial şəbəkələr bu qədər aktiv deyildi. Sosial şəbəkələrdə və mediada cinayət xəbərlərinin intensivləşməsi bu halları insanların nəzərində xeyli adiləşdirib. Belə hadisələrin ictimailəşməsi insanlara mənfi təsir göstərir.
Hazırda mobil telefonlar körpəsindən qocasına qədər az qala, hər kəsin həyatında ayrılmaz yer tutur. Biz asudə vaxtımızda mənaviyyatımızı zənginləşdirmək üçün kitablar da oxuya bilərik, boş zamanımızı mütaliəyə sərf etməliyik. Ümumiyyətlə, insanın içindəki kin, nifrət kimi duyğular aqressiyanı formalaşdırır. Kiminsə nailiyyət əldə etdiyini, lakin özümüzün geri qaldığımızı, uğursuzluq yaşadığımızı görəndə, istər-istəməz aqressivlik yaranır.
Bu aqressiya nəticəsində həyatımıza aid olmayan şəxslərlə də problemlər yaşaya bilərik. Aqressiv insanlar qışqırmaq, təhqir etmək, şiddət göstərmək kimi müxtəlif neqativ davranışlar sərgiləyə bilər. Aqressiyanın mənbəyi içimizdə illərdir yığılan kin, nifrət, başqalarının uğurları ilə barışa bilməmə kimi səbəblərdir. Çıxış yolu yanlız özümüzü inkişaf etdirmək, asudə vaxtımızı düzgün qurmaq, elektron cihazlar, xüsusilə, telefondan daha az istifadə etmək, neqativ hadisələri düşünməməkdir.
Biz eyni zamanda, aktivliyi, idmanla məşğul olmağı, musiqi dinləməyi həyat tərzimizə çevirməliyik. Sevmədiyimiz işdə çalışmamalı, haqqımız olmayan şeylərə göz dikməməliyik. Aqressiyamızı formalaşdıran səbəblərdən biri də çalışdığımız yerlərdən qaynaqlana bilər”.
İsmayıl Bakuvi
www.yenicag.az