Nəsimi rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayında iftar süfrələrinin təşkili ənənəvi hal almışdır.
Növbəti belə tədbirlərdən biri də 21 iyun 2017-ci il tarixdə rayonun 1-ci mikrorayon ərazisində yerləşən «Ağdaş» restoranında rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri və aztəminatlı ailələrin – iştirakı ilə keçirilmişdir.
İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır. «Kərbəlayi Abdulla məscidi» dini icmasının rəhbəri Hacı Ağasəlim Səlimov və digər din xadimləri müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışmış, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını çatdrmışlar.
Mərasimdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə iftar mərasimində iştirak edənləri salamlayaraq qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Nəsimi rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. Asif Əsgərov ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini vurğulamış, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından danışmışdır.
İftarda iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
www.yenicag.az