Netanyahu “soyqırımı” TANIDI – “Türkiyəyə atılan daş bizə də atılıb”
Bir neçə gündür dünya mediası İsrail Baş naziri Benyamin Netanyahunun “erməni soyqırımı”nı tanıdığı haqqında xəbəri tirajlayır. Bildirilir ki, İsrail dövlət olaraq rəsmən hər hansı qərar qəbul etməsə də Benyamin Netanyahu mediaya verdiyi açıqlamada bu “soyqırım”ı tanıdığını deyib. Bununla da o, İsrailin belə bir fikirdə olan ilk dövlət/hökumət rəhbəri kimi tarixə düşüb.
Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət bildirib ki, Azərbaycanın ikitərəfli münasibətlərinə böyük diqqət yetirdiyi İsrailin Baş naziri bu səhvə yol verməməli idi:
“İsrail Azərbaycan üçün yaxın ölkədir. Biz bu yaxınlığı dəyərləndiririk, gərək olanda İsraillə birgə addımlar atır, qarşılıqlı maraqlara xidmət edən ortaq işlər görürük. Təbii ki, eyni zamanda hər iki dövlət öz hərəkətlərində sərbəstdir. Amma bu o demək deyil ki, İsrail dövlətinə/hökumətinə başçılıq edən şəxslər, ayrı-ayrı rəsmilər bizim maraqlarımıza zidd açıqlamalar verə bilərlər. O cümlədən də saxta erməni soyqırımı iddiası ilə bağlı belə məsuliyyətsiz yanaşma Azərbaycan üçün məqbul sayıla bilməz”.
Azər Həsrət daha sonra qeyd edib ki, “İsrail Baş naziri bu mövqeyini qardaş Türkiyə ilə olan gərginliklə əlaqələndirə bilər. Amma Azərbaycanla yaxın münasibətləri olan İsrail dövlətinin ali rəsmisi unutmamalıdır ki, Türkiyəyə qarşı atılan istənilən addım, deyilən istənilən söz həm də Azərbaycana qarşıdır. O baxımdan bizimlə dostluğu dəyərləndirən dövlətlər, həmçinin İsrail belə məsələlərdə diqqətli olmalıdır. Biz İsraillə münasibətlərə yüksək dəyər veririk, bu münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıyıq. Lakin İsrail rəsmiləri qardaş Türkiyəyə münasibətdə belə səhvlərə yol versə, təbii ki, Azərbaycanda bu, yaxşı qarşılanmayacaq. Belə bir durum isə İsrail-Azərbaycan münasibətlərini ciddi şəkildə zədələyə bilər”.
Siyasi şərhçi əlavə edib ki, İsrail Baş naziri mümkün qədər tez səhvini düzəltməli, o cümlədən də Azərbaycanı üzən bu yanlışı aradan qaldırmalıdır. Səhv düzəldilməzsə, əlbəttə ki, Azərbaycan ictimai rəyi İsrailə münasibətə yenidən baxmaqla bağlı çağırışlar etmək məcburiyyətində qala bilər.
“Türkiyəyə atılan daş bizə atılmışdır. Türkiyənin əleyhinə deyilən hər bir söz bizə – Azərbaycana qarşı deyilmiş sayılır. Ona görə də Benyamin Netanyahu səhvini mümkün qədər tez düzəltməklə münasibətlərimizi qorumaqda maraqlı olduğunu göstərməlidir”, – deyə Azər Həsrət vurğulayıb.