!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Niyə Şeyx Gəncəyə getmədi? - Təhlükəsizlik zabitindən sensasiyalı şərh

!Reklam – Yazi

2018-ci il iyul ayının 3-də Gəncə şəhərində anadan olmuş Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisədən sonra dövlət rəsmi məlumat yayaraq bildirdi ki, Yunis Səfərov radikal dini qruplarla iş birliyində olub. Hadisədən bir gün sonra sosial şəbəkədə iyul ayının 10-u saat 20:00-da Elmar Vəliyev əleyhinə mitinq keçiriləcəyi xəbərləri yayıldı. Bəzi rəsmilərlə yanaşı, müxalif partiya liderləri də gəncəliləri bu mitinqə qatılmamağa səslədi. Mitinq ərəfəsində çağırış edənlərin həbs edilməsi və bu məsələdə təxribatın ola biləcəyinin deyilməsi mitinqin keçirilməyəcəyini düşünməyə əsas verirdi. Ancaq hər ehtimala, daxili qoşunların və polis qüvvələrinin Gəncədə baş verə biləcək iğtişaşlara qarşı hazırlıqlı olduğuna dair xəbərlər gəlirdi.

İyulun 10-u saat 20:00-da Gəncə şəhəri İcra Hakimiyyətinin qarşısında 150-200 nəfərin iştirakı ilə aksiya keçirilir. Həmin anın video kadrlarına və əldə edilən informasiyaya görə, aksiya pərakəndə şəkildə keçirilib. Aksiya zamanı iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov bıçaqlanaraq öldürülüb.

Səməd Abbasov Gəncənin axundu, tanınmış din xadimi Hacı Tahir Abbasovun qardaşıdır. Belə olan halda adi dindarların həmin polisə əl qaldırması inandırıcı deyil.

İlham İsmayıl

Baş vermiş hadisələri keçmiş MTN zabiti İlham İsmayıl Yenicag.az-a şərh edib.

İlham İsmayıl bildirib ki, olayları şərh etmək üçün ekspert, peşəkar olmağa gərək yoxdur:

“Polislərin ölümü ilə nəticələnən məsələ adi şiələrin işi deyil. Bu işi törədənlər muzdlu, tutulmuş, kənardan gətirilmiş və yaxud yetişdirilmiş şəxslərdir. Bu məsələdə həmin şəxsin Tahir Abbasovun qardaşı və ya gəncəli olmasının fərqi yoxdur. Qatilləri hazırlayıblar ki, yüksək rütbəli polis zabiti gördünüz, öldürün. Videoya baxmışam, polislər xüsusi qarşıdurma yaranmadan vuruldu. Bu da ona əsas verir ki, həmin şəxslər muzdlu, pulla tutulmuş adamlardır.

Vaxtilə Gəncədə yaşayıb, işləyən adam kimi qeyd edim ki, Gəncə hüquq-mühafizə orqanları ilə gəncəlilərin arasında sovet hökumətindən də bəri problem olmayıb. Yüngül problemlər ola bilər, sadəcə olaraq xüsusi qəddarlıq olmayıb. Həmişə bir-birlərinə güzəşt etməyi bacarıblar. Köklü bir gəncəlinin polisə qarşı qəddarlıq etməsi mənə inandırıcı gəlmir. İlqar Balakişiyev gəncəli idi və hər kəsi yola verməyi bacarırdı. O cür adamı hansısa gəncəlinin, sifariş almayan birinin öldürməsinə inanmıram”.

Məsələnin şiəliyə yönləndirilməsinə gəldikdə isə İlham İsmayıl bunları deyib:

“Bu addımı ancaq radikallar ata bilər. Siyasi hakimiyyət uğrunda mübarizə aparan şəxslər bunu heç vaxt etməzdi. Yunis Səfərovun Elmar Vəliyevə sui-qəsd etməsindən sonra məsələni dini zəminə yönləndirdilər. Həmin vaxt yazdım ki, dindən istifadə edənlərə çox pis pas verdilər. 3 iyuldan bəri ekstremal vəziyyət yaranıb. İcra başçısı güllələndi, 2 polis zabiti bıçaqlanaraq öldürüldü. Ancaq hələ də kompleks tədbirlər həyata keçirilmir. Kompleks tədbir dedikdə, şəhərə qoşun yeritmək nəzərdə tutulmur. Qoşun yeritmək ən əlacsız bir işdir. Bu işi profilaktik tədbirlərlə, söhbətlə, bir nəfəri zamanında götürməklə, lokallaşdırmaqla və yaxud nüfuzlu şəxslərin insanlarla söhbət etməsi ilə də həll etmək olardı. Əgər Yunus Səfərovun Elmar Vəliyevi güllələməsini dindarlara pas verməklə etmişdilərsə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə niyə Gəncəyə getmədi? İmam Hüseyn şəhəri deyilən Gəncədə niyə görə Allahşükür Paşazadə “İmamzadə”də bütün dindarları başına yığıb, profilaktik tədbir aparmadı? Şeyx gedib deyə bilməzdi ki, sizin adınıza, İmam Hüseynin adına, şəhərin adına, şiələrin adına ləkə gələ bilər? Şeyx bu məsələni bu cür şəkildə həll etməli idi. Dini İşlər üzrə Dövlət Komitəsi nə ilə məşğuldur? Onların vəzifəsi polis yeritmək yox, maarifləndirməkdir. Maarifləndirmə işi isə aparılmayıb”.

Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov bıçaqlanaraq öldürüldüyü zaman yanlarında heç bir polisin olmamasına gəldikdə isə, təhlükəsizlik üzrə ekspert deyib ki, bunun səbəbi qarşıdurmanın olmamasıdır:

“Qarşıdurma olmadığı üçün hər gün yaşadıqları şəhərdə, hər gün gördükləri insanların içərisində olublar. Polislərin insanların içərisinə girməsi, sakit gəzməsi onu göstərir ki, heç bir şey gözlənilməyib. Rəislərin yanında o zaman başqa polislər olur ki, vəziyyət gərgin olsun. Burada isə heç bir problem yox idi. Demək ki, qatillər ani vaxt axtarıblar və bu əməli törədiblər. Sonradan həmin adamları qaçırdıblar. Videolara diqqətlə baxanda eşidirik ki, camaat onu qaçırdır deyirlər. Vuranların əynindəki qara paltar da təsadüfi deyil”.

Gəncədə baş verənlərlə bağlı informasiya qıtlığına gəldikdə isə İlham İsmayıl qeyd edib ki, Azərbaycanda heç vaxt çevik informasiya təbliğatı aparılmayıb:

“Dünən bu məsələyə çevik reaksiya vermək üçün hüquq-mühafizə orqanlarının nümayəndələri əvəzinə tamamən aidiyyatı olmayan adamları TV kanallara çıxarıblar və o adamlar Azərbaycan Respublikasının Konstitusion quruluşundan danışırdılar. Dini dövlət qurmaq istəyən var ki, konstitusion quruluşdan danışırlar? Bu məsələdə dövlət çevrilişi çalarını axtarmaq qətiyyən doğru deyil”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

4027
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv