Nizami Kino Mərkəzinin binasında yazılar: Sənət, yoxsa vandallıq? - Partiya sədrlərindən REAKSİYA
Son günlər ölkədə ən çox müzakirə olunan mövzulardan biri tarixi abidə siyahısında olan Nizami Kino Mərkəzinin divarlarına qrafiti çəkilməsidir.
Bəziləri gənclərin bu addımını sənət kimi dəyərləndirsə də, bir çoxları bunun vandallıq aktı olduğunu irəli sürüblər.
Yenicag.az mövzu ilə bağlı bir sıra partiya sədrlərinin fikirlərini öyrənib.
REAL Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli hesab edir ki, gənclər üçün Bakıda müvafiq yerlər ayrılmalıdır:
“Qrafiti bəzi ölkələrdə sənət əsəri sayılır. Məsələn, dünya üzrə məşhur Bənksi adlı qrafit ustası var. Onu bəzi şəhərlərdə milyonlarla dollar verib işə cəlb edirlər ki, şəhərin turizm potensialını artırsınlar. Əslində, buna sənət əsəri kimi də baxmaq olar, vandalizm kimi də. Bu isə harada, necə və hansı şəraitdə edilməsindən asılıdır. İstənilən halda, gənc insanların bu tip hərəkətlərinə görə ağır cəzalar alması doğru deyil. Onlarla izahat aparılmalı, bəlkə də, şəhərin müəyyən hissələrində onlar üçün xüsusi yerlər ayrılmalıdır ki, öz sənətlərini göstərə bilsinlər. Beləcə Bakının turizm mərkəzinə çevrilməsində faydalı olar”

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə həmin gənclərin cəmiyyətə qazandrılmasını vacib hesab edib:
“Azərbaycan gəncliyi kifayət qədər ağıllıdır. Minlərlə Azərbaycan gəncinin müharibədə arxa və ön cəbhədə həmrəy olduğunu, minlərlə gəncin şəhid olduğunu gördük. Əgər o gənclər bilsəydilər ki, o tarixi abidədir, öz əl işlərini başqa yerdə göstərərdilər. Gəncliyin emosionallığını, çılğınlığını mühakimə etmək doğru deyil və hesab edirəm ki, onları cəmiyyətə qaytarmaq lazımdır. Təhlükə narkotik satan, quldurluq edən gənclərdir. Onların cəmiyyətdən kənarlaşdırılmasına ehtiyac var. Cəmiyyət üçün ciddi təhlükə olmayan xırda xuliqanlığa görə onlara 4 ay həbs vermək doğru deyil”.

Ağ Partiya sədri Tural Abbaslı isə bu cür xırda hadisələrin müzakirə olunmasını mənasız hesab edib:
“Bu məsələ gündəlik adi məsələdir. Mən belə xırda məsələlərin Azərbaycan siyasi gündəmini bu qədər məşğul etməsinin tərəfdarı deyiləm. Dünyanın hər yerində bütün böyük şəhərlərdə qrafiti deyilən küçə sənətkarları var və divarları yazırlar. Mən bunu təqdir etmirəm, amma bu hadisəni xüsusi vandallıq aktı kimi qiymətləndirilməsinin də tərəfdarı deyiləm. Dünya praktikasında, adətən, belə qrafiti çəkmək qadağan olan yerlərdə çəkənlər saxlanılır və inzibati cəza tətbiq olunur. Onlar ya bir neçə günlük həbs edilirlər, ya da maddi cəza təyin edilir və ya divarların bərpası və xərci onların ailələrinin üzərinə qoyulur, beləliklə məsələ bağlanır. Bu məsələyə xüsusi siyasi rəy qatmaq lazım deyil. Kimsə siyasi şüar yazar, o başqa məsələ. Mən şəxsən şəhərin mərkəzində divarların bu formada korlanmasının tərəfdarı deyiləm, amma bu o qədər də ciddi məsələ deyil. Əgər Bakı da böyük şəhər olmaq istəyirsə, belə hadisələrə öyrəşməlidir”.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı isə Azərbaycanın tarixi abidələrə qarşı hörmətsizlik edən gəncləri sərt qınayıb:
“Dövlətə məxsus tarixi və mədəni obyektlər heç kimin fərdi ifadə platforması deyil. Nizami Kino Mərkəzi Azərbaycan kino tarixinin yaddaşı, milli mədəniyyətimizin bir parçasıdır. Belə məkanlara müdaxilə etmək “sənət” adı ilə olsa da, hüquqi və mənəvi baxımdan qəbuledilməzdir.
Xüsusilə vurğulamaq istərdim ki, bu olay göstərdi ki, gənclər arasında özünüifadəyə ehtiyacı var və bu ehtiyac bəzən düzgün istiqamət tapmadıqda yanlış formada ortaya çıxır. Hesab edirəm ki, burada iki paralel yanaşma vacibdir: Əvvəla, qanun hər kəs üçün eynidir. Dövlət əmlakına zərər vuran hər bir şəxs qanun qarşısında cavab verməlidir. Bu, hüquqi dövlətin dəyişməz prinsipidir. Digər tərəfdən, biz gənclərin yaradıcılıq enerjisini yönləndirməklə nəticə əldə edə bilərik. Şəhər mühitində xüsusi ayrılmış məkanlar, açıq sənət zonaları, qrafiti festivalları və yaradıcı platformalar yaradılmalıdır ki, gənclər öz fikirlərini dağıdıcı deyil, qurucu şəkildə ifadə etsinlər. Cəmiyyət olaraq bizim vəzifəmiz cəzalandırmaqla yanaşı, səbəbi də aradan qaldırmaqdır”.
Nurlan Cəfəri












