“Yayılan informasiya öz təsdiqini tapacağı təqdirdə, yəqin ki, o addımın real səbəbləri də üzə çıxacaq”.
Bu fikirləri Norveçin neft nəhəngi “Equinor ASA”nın (keçmiş adı “Satoil”) “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə malik olduğu 7,27 faizlik payı satışa çıxarması haqda yayılan məlumatı şərh edən keçmiş baş nazir Pənah Hüseyn Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Norveç şirkətinin bu addımının kommersiya məqsədlərindən irəli gəlmə ehtimalı daha yüksəkdir:
“Bilirsiniz ki, Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin zaman-zaman bu kimi addımlar atıb. Məsələn, vaxtilə “Lukoyl” və başqa şirkətlər də iştirakçısı olduqları neft layihələrində öz paylarını satmışdılar.
Digər tərəfdən, müasir dünya iqtisadiyyatını müəyyənləşdirən bir sıra faktorlar mövcuddur və onların sırasında qiymətli kağızlar bazarının çağırışları da mühüm yer tutur. Yəni Norveç şirkətinin bu niyyəti qeyd olunan amildən də qaynaqlana bilər.
Eyni zamanda, Avropada “yaşıl enerji”yə keçid məsələsi çox aktualdır. Dəqiq bilmirəm, amma ola bilsin ki, “Equinor ASA”nın da bununla bağlı müəyyən planları var.
Bütün hallarda mən bu niyyətin kommersiya məqsədlərindən irəli gəldiyini düşünürəm. Çünki Norveç və Azərbaycan arasında hər hansı geopolitik və diplomatik ziddiyyət yoxdur. Yayılan informasiya öz təsdiqini tapacağı təqdirdə, yəqin ki, o addımın real səbəbləri də üzə çıxacaq”.
A.Zeynalov
www.yenicag.az