Nüvə savaşına iki həftəlik "atəşkəs" fasiləsi: Hörmüz boğazı açılır, gərginlik bitir? — ANALİZ
“Tukerin xəbərdarlığı böhranın ciddiliyini göstərmək baxımından faydalıdır, lakin bunu Vaşinqtonun “ikinci Hiroşima” ya hazırlaşması kimi qəbul etmək düzgün olmaz”.
Bu sözləri Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Vatson deyib.
O, ABŞ-li jurnalist Tuker Karlsonun Vaşinqtonun İranla müharibədə nüvə başlığından istifadə etmə ehtimalı barədə açıqlamaları fonunda “ikinci Hiroşima”nın yaşanması ehtimalından danışıb.
Politoloq bildirib ki, 80 ildən çox vaxt keçməsinə baxmayaraq, ABŞ-ın İrana “ikinci Hiroşima/Naqasaki” tipli nüvə zərbəsi endirməsi mövcud şərtlər daxilində son dərəcə qeyri-realdır:
“Karlsonun qorxuducu xəbərdarlığı nəzarətsiz eskalasiya riskini əks etdirir. Lakin Vaşinqtonun İrana qarşı nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir sübut yoxdur. Əksinə, son məlumatlar tam fərqli mənzərəni göstərir: ABŞ və İran Hürmüz boğazının açılması və danışıqların bərpası ilə bağlı iki həftəlik atəşkəs çərçivəsinə daxil olublar. Bu, tərəflərin nüvə müharibəsi və qarşılıqlı məhvetmə həddində olmadığını sübut edir.
Əsas məqam odur ki, ABŞ nüvə siyasətində qeyri-müəyyənliyi qoruyur. Rəsmi mövqe hələ də ondan ibarətdir ki, nüvə silahları yalnız “ekstremal hallarda” ABŞ və ya müttəfiqlərin maraqlarını müdafiə etmək üçün istifadə oluna bilər. Pentaqonun 2024-cü il hesabatı və 2022-ci il “Nüvə Pozisiyasına Baxış” sənədi nüvə istifadəsini adi vasitə deyil, son zərurət kimi təsvir edir.
Əgər Vaşinqton həqiqətən nüvə ssenarisinə doğru irəliləsəydi, biz tamamilə fərqli bir mənzərə görməli idik: diplomatiyanın tamamilə pozulması, ictimaiyyəti ekzistensial təhlükəyə hazırlayan kəskin ritorika və konvensional üsulların iflası. Reallıqda isə ABŞ rəsmiləri hələ də hərbi hədəflərə yönəlmiş adi təzyiqlərdən danışır, strateji neft infrastrukturunu qəsdən hədəfə almır və eskalasiyanı dayandıraraq atəşkəsə qayıdırlar. Nüvə ssenarisi görünmür.
Buna baxmayaraq, risk sıfır deyil. Nüvə təhlükəsi yalnız müəyyən şərtlər birləşərsə yüksələ bilər: birincisi, atəşkəsin pozulması; ikincisi, Hörmüz boğazının tamamilə bağlanması və ciddi qlobal iqtisadi zərərlər; üçüncüsü isə konvensional müdafiə metodlarının qeyri-mümkünlüyü barədə siyasi qərarın verilməsi. Lakin hətta bu halda belə, nüvə zərbəsi qlobal sistemi dağıdar, ABŞ-ı diplomatik izolyasiyaya salar və Yaxın Şərqdə idarəolunmaz zəncirvari reaksiyaya səbəb olar.
Daha realist təhlükə regional müharibənin genişlənməsi, nəqliyyat və enerji bazarlarında ciddi pozuntular və konvensional hücumların artmasıdır. Tukerin xəbərdarlığı böhranın ciddiliyini göstərmək baxımından faydalı olsa da, bunu Vaşinqtonun “ikinci Hiroşima” planı kimi qəbul etmək doğru deyil”, — deyə o bildirib.
Nəsimi Ələsgərli













