Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq prezidenti Barak Obamanın 60 illik yubileyi münasibətilə təşkil etdiyi doğum günü şənliyi tənqidlərə tuş gəlib.
Yenicag.az “Daily Mail”ə istinadən xəbər verir ki, Obamanın Masaçusets ştatında yerləşən 12 milyon dollarlıq malikanəsinin həyətində qurulmuş çadırda təşkil edilən mərasimdə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən karantin qaydaları pozulub.
Belə ki, aralarında məşhurların da olduğu şənliyə qatılan qonaqların əksəriyyəti maskasız olub.
Müğənni Erika Ebi Raytın sosial mediada paylaşdığı videoda Obamanın maskasız şəkildə bir qadınla rəqs etdiyi, həmçinin qonaqların da maskasız olduğu görünür.
Sözügedən görüntülər sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb, eks-prezidenti tənqid hədəfinə çevirib.
Qeyd edək ki, əvvəl şənliyə 500 qonaqla 200 xidmət personalının qatılacağı bildirilsə də, daha sonra COVID-19 səbəbindən iştirakçıların sayı azaldılıb. “Daily Mail” Obamanın doğum günü şənliyinə 300-400 arası qonağın qatıldığını yazıb.
www.yenicag.az