Oğul itkisinə dözmədi, ürəyi PARTLADI – “Şofer Əhməd”in DOĞUM GÜNÜDÜR
“Əhməd haradadır?” filminə çəkiləndə 18 yaşım vardı, laçın oğlan idim. Qızlar başıma fırlanırdılar. İndi 73 yaşım tamam olur, o vaxtdan 55 il keçib. İndi mən qızların başına fırlanıram. Təbii ki, nəvələrim kimi…”
Doğum günündə aldığım müsahibədə demişdi bu sözləri. 18 yaşda filmə çəkiləsən və bir gecənin içində şöhrətin ellə bir ola. Hamının yaddaşına “Şofer Əhməd” kimi yazılasan. Bu şans, hər adama nəsib olmur, amma belə bu naxış onun taleyinə yazılmışdı. Özü də çox erkən yaşlarında…
“Əhməd haradadır?” filmində “Şofer Əhməd” kimi adını milli kinomuzun tarixinə əbədi yazdıran Əməkdar artist, tanınmış aktyor Elxan Qasımovun bu gün doğum günüdür.
Aktyor var, çəkildiyi filmlərin sayı-hesabı yoxdur. Amma bircəciyi belə yadda qalmır. Aktyor da var, bir rolla adını kino tarixinə və tamaşaçı yaddaşına əbədi həkk etdirir. Elxan Qasımov da belələrindən idi. Çəkildiyi obrazları yalnız “Şofer Əhməd”lə məhdudlaşmayıb. “Qatır Məmməd”, “Nəsimi”, “Axırıncı aşırım”, “Köhnə bərə”, “İnsan məskən salır”, “İstintaq” və başqa filmlərdə epizodik rollar yaradıb. Amma Şofer Əhməd onun kino taleyində mühüm rol oynayıb.
Daha çox gənclik illərində filmlərə çəkilən aktyor nədənsə sonralar çəkiliş meydançasından uzaq düşür. Zamanını daha çox kinostudiyada inzibati işlərə sərf edir.
Elxan Qasımovın adı heç vaxt intriqalarda hallanmayıb. Özünə və sənətinə hörmət etməyi bacaran insan idi. Söz düşəndə deyirdi, illərlə kinoda qazandığım hörmət-izzəti yerə vurmaq istəmirəm. Buna görə efirlərdən də uzaq düşürdü. Sənət dostlarının dediyinə görə yaxşı dost idi Elxan Qasımov. Bu cameədə onu sevməyən yox idi.
“Fəxr edirəm ki, Elxan kimi mərd, sədaqətli bir insanla dostluq etmişəm. Onun ölümü məni yandırır, pis oluram” deyir ən yaxın dostu xalq artisti Əbdül Mahmudbəyov.
Onu tərk edib gedən dostunun ölümü ilə hələ də barışa bilmir:
“Deyirəm, axı mənim nə günahım var ki, bütün dostlarım getdi, tək qalmışam? Elxan Qasımovla çox yaxın dost olmuşuq. İnana bilmirəm ki, həyatda yoxdur. Ölümü ilə hələ də bilmirəm”.
İllərlə içində gizlətdiyi nisgili, ağrısı var idi. Gənc ikən dünyadan köçən oğlunun yoxluğu ilə barışa bilmirdi. Amma bu dərdini danışıb ətrafdakıları ağrısı ilə yükləyən insanlardan deyildi. Amma bu dərd onun ürəyini o qədər yüklədi ki, bu yükə, bu ağrıya tab gətirmədi, partladı. Amma bizim üçün bu gün də sağdır, odur ki, deyirik: “Doğum gününüz mübarək, “Şofer Əhməd”.
Cəvahir