“Oleq Bakinski” ona qarşı qaldırılmış mülki iddiaya etiraz etdi
Ukaynalı kriminal avtoritet Oleq Krapivin (“Oleq Bakinski”) və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin vəkili Samir İsayev Valeriy Zaxarenkovun göndərdiyi sənədə əsasən barışıq olmadığını söyləyib.
O bildirib ki, təqsirləndirilən şəxslər zərərçəkəndən bu əmələ görə üzr istəməyib, peşmanlıqlarını bildirməyiblər. Vəkil maddi ziyandan əlavə dəymiş mənəvi ziyanla əlaqədar hər iki təqsirləndirilən şəxsdən birlikdə 50 min manat tələb edildiyini də əlavə edib. Söyləyib ki, V.Zaxarenkov iş adamı kimi qonaq gəldiyi müəssisədə hörmətsizliyə məruz qalıb.
Daha sonra Konstantin Kuçerin vəkili ibtidai istintaqda göstərilmiş vaxtlarda müəyyən pozuntular olduğunu deyib.
Dövlət ittihamçısı bunun hazırlıq iclasının predmeti olduğunu və məhkəmədə danışılanların əsas sübut kimi qəbul olunacağını bildirib.
Prosesin davamında mülki iddia müzakirə edilib. Zərərçəkənin vəkili mülki iddianın hər iki hissəsinin – maddi və mənəvi tərəflərinin qəbul edilməsini xahiş edib.
K.Kuçerin vəkili Elşad Hacıyev təqsirləndirilənin mənimsəmə və ya dələduzluq niyyətinin olmadığını bildirib. O əlavə edib ki, K.Kuçerin şirkəti hər iki şirkətə qarşı müqavilədən irəli gələn öhdəlikləri yerinə gətirməyə çalışıb. O, əsas maneə kimi Konstantin Kuçerin iradəsindən asılı olmayan səbəbləri – “Günay Bank”ın və sərhədlərin bağlanmasını göstərib.
Oleq Krapivin mülki iddiaya etiraz edib. Konstantin Kuçer də öz növbəsində mülki iddianı qəbul etməyib.
İş saatı bitdiyinə görə mülki iddianın baxılması növbəti prosesə saxlanılıb.
Proses mayın 26-na qədər təxirə salınıb.