Oliqarxların həbsi digər sahibkarlara necə təsir edəcək? – iqtisadçılar şərh edir
Natiq Cəfərli: “Ölkəmizdə iş adamlarına qarşı belə bir kampaniyanın aparılması Azərbaycanda onsuz da zəif olan investisiya mühitinə ciddi zərbə vuracaq”
Məhəmməd Talıblı: “İş adamlarının həbsi yerli sahibkarları qorxudur, onların biznes təşəbbüslərini tormozlayır, xarici investorlar üçün isə bu çəkindirici faktordur”
Son günlər Azərbaycanda bir sıra oliqarxların, iş adamlarının həbsi baş verib. Adətən, belə hadisələr kütləvi xarakter alanda bu proses digər iş adamları, hətta xarici investorları da ölkədə biznes qurmaqdan çəkindirir. Bu mənada, oliqarxların həbsi yerli sahibkarlar və xarici investorlara görəsən necə təsir edəcək?
Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bu addımın Azərbaycanda investisiya mühitinə mənfi zərbə vuracağını söylədi: “Əslində həbs olunanların heç də hamısına oliqarx demək düzgün deyil.
Həbs olunanlar sadəcə, yüksək səviyyəli və böyük dövriyyələri olan iş adamlarıdır. Hansılar ki, müəyyən dərəcədə bəzi hakimiyyətdaxili qruplar tərəfindən müsbət anlamda dəstəklənirdi. Ölkəmizdə iş adamlarına qarşı belə bir kampaniyanın aparılması Azərbaycanda onsuz da zəif olan investisiya mühitinə ciddi zərbə vuracaq. Xarici investorlar Azərbaycan daxilində gedən prosesləri o qədər də dərindən izləmirlər. Bu halda baş verən bu hadisələr fonunda, burada iş adamlarına qarşı cinayət işlərinin aparılması təbii ki, xaricdən olan bu kateqoriyalı insanları hürküdür. Hətta bu daxili investorlara da ciddi təsir göstərdi. Bu həbslərdən sonra Azərbaycanda iş aktivliyinin azalması və kapitalın sürətlə ölkədən çıxarılması prosesinin şahidi ola bilərik. Hətta həmin iş adamları ilə əlaqəsi olmayan biznes çevrələri belə bir hadisənin onların da başına gəlməsi ehtimalının yüksək olduğunu nəzərə alaraq, çalışacaqlar ki, Azərbaycandan kapitallarını çıxarmağa nail olsunlar. Bu isə kapital axınını sürətləndirəcək və biznes mühitini zəiflədəcək”.
Ekspert Məhəmməd Talıblı da bu qənaətdədir ki, iş adamlarına qarşı başlanan bu proses sahibkarlıq mühitinə ümumən mənfi təsir edir: “İş adamlarının həbsi həm yerli sahibkarları qorxudur, onları ehtiyatlı davranmağa sövq edir və biznes təşəbbüslərini tormozlayır. Xarici investorlar üçün isə bu çəkindirici faktordur. Bu biznes sferasına neqativ təsir göstərir. İnvestiisya iqlimini həssas edir ki, bu da sonda bazarda boşluq və inhisar qiymətlərinin sonradan daha da diqtə olunmasına gətirib çıxarır”.
Elçin