!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Ölmə, Qəzənfər dayı, ölmə!" - 80 yaşın mübarək, Şahmar Ələkbərov

!Reklam – Yazi

Milli kinomuzda yaratdığı bənzərsiz obrazları, həm də füsunkar, qeyri-adi səs tembri ilə yaddaşlarda iz buraxan əvəzolunmaz aktyor kimi bu gün də sevilir. Onu bizdən 31 illik zaman kəsiyi ayırsa da, adını kino tarixinə əbədi yazdıran sənətkar cismən aramızda yoxdur, amma ruhən bu gün də sevənləri ilə bərabərdir.

Bu gün doğum günüdür. Kino tarixində Qəzənfər (“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Gəncəbasarlı qisasçı”), Feyzi (“Firəngiz”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar…”), Cümşüd (“Avqust gələndə”), İbrahim (“Atları yəhərləyin”) kimi yaddaqalan obrazları canlandırdı.

Heyf, vaxtsız gələn əcəlin qurbanı oldu. Dünyasını tez dəyişdi. Həkim səhlənkarlığı ilə qarşılaşmasaydı, bəlkə də haha uzun ömür yaşayacaqdı və kinoda daha neçə-neçə gözəl obrazlara can verəcəkdi Şahmar Ələkbərov.

Dişi ilə bağlı problemi var idi, sonradan bu problem sümük çürüməsi ilə nəticələndi və ağır, sağalmaz xəstəliyə çevrildi. Aktyor o xəstəliklə beş-altı il yaşamağa tab gətirə bildi. Amma xəstəliyinin şiddətləndiyi bir vaxtda belə filmlərə çəkilməkdən imtina etmirdi. Çünki sənətinə çox bağlı insan idi. Ağır xəstə yatağında ona güc, taqət verən də elə sevdiyi sənəti idi.

Hər dəfə sevə-sevə izlədiyimiz “Yeddi oğul istərəm” filmində Qəqəninin “Ölmə, Qəzənfər dayı, ölmə!” sözləri bu gün də qulaqlarımızda səslənir. Yenə də Şahmar Ələkbərov gözlərimiz önündə canlanır. İmkanımız olsaydı, yenə də ona “Ölmə, Qəzənfər dayı, ölmə!” deyə yalvarardıq. Amma, aktyorlar onsuz da ölmür, hər zaman yaratdığı obrazları ilə insanların xatirəsində yaşayır.

80 yaşın mübarək, böyük sənətkar!

Cəvahir

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv