“Burun əməliyyatından sonra komaya düşdü, ayılmadı”, “bədənşəkilləndirmə əməliyyatından sağ çıxmadı”, “əməliyyat masasında həyatını itirdi” və s… Son zamanlar sosial mediada bu tip xəbərlərin sayına daha çox rast gəlirik.
Gözəlləşmək üçün xəstəxanaya üz tutan, amma xəstəxanadan ölüsü çıxan xanımların sayı getdikcə artmaqdadır. Xanımları ölüm masasına aparan hansı “tuzaqdır”? Əlbəttə ki, gözəlləşmək, əks cinsin zövqünü oxşamaq istəyi. Bəzən xanımlara deyəndə ki, “nəyinə lazımdır, kiməsə gözəl görünmək üçün bıçaq altına girirsən, ölümü gözə alırsan, buna axı lüzum yoxdur”, əksər hallarda cavab belə olur, “yox, özüm üçün edirəm, əsas odur, güzgüdə özümə baxanda özümdən xoşum gəlsin”. Heç də səmimi cavab deyil.
Əksər hallarda qadınlar daha çox əks cinsin xoşuna gəlmək üçün bu addımı atır. Bunun da səbəbi özgüvən əskikliyidir. Elə bu özgüvən əskikliyini də onlarda yaradan əks cinsdir. Dəfələrlə özüm də bunun şahidi olmuşam. Tanıdığım xanımlar var ki, həyat yoldaşı, yaxud da sevgilisi tərəfindən aşağılandığını deyir: “qocalmısan, üzün qırışıb”, “ayaqların əyridir”, “burnun yekədir”, “filankəsə bax, gör, nə gözəl fiqurası var, sənin hay-hayın gedib, vay-vayın qalıb” və s…
Bunu özünə dərd edən o xanımlar kişinin bir kəlmə xoş sözünə görə də bıçaq altına girməyə razı olurlar. Hətta bu, həyatları bahasına olsa da belə… Axı niyə? İnsanı fərqləndirən, gözəlləşdirən yalnız zahiri görünüşü deyil, həm də onun individuallığıdır. Gözəllik ilk tanışlıq üçündür, amma sonrakı mərhələdə xarakter, xasiyyət önəm daşıyır. Həm də sizi olduğunuz kimi qəbul etməyən insanların fikrini niyə önəmsəyirsiniz axı?
Sizə dəyər verməyən birini yanınızda tutub saxlamaq üçün niyə çaba göstərirsiniz? Bununla özünüzü də gözdən salırsınız. Özünüzə dəyər verin ki, qarşı tərəf də sizə dəyər versin, hörmət etsin. Komplekslərinizi yenin, özünüzə güvənin, daxili gərginlikdən xilas olun. Sizə dəyər verən, olduğunuz kimi qəbul edən insanların yanında olun. İnanın, o zaman özünüzü klonlaşdırmağa da ehtiyac olmayacaq. Həm də rahat yaşayacaqsınız. Elə mənim kimi…
www.yenicag.az