Ombudsman aparatında təlim
Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın təşəbbüsü əsasında Mərkəzi Seçki Komissiyası ilə birgə Ombudsman Aparatında bu qurumun əməkdaşları üçün seçki hüquqlarına dair təlim təşkil olunub.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı insan hüquqları üzrə müvəkkilin seçki hüququ sahəsində MSK ilə əməkdaşlığını qeyd edib. A.Səfixanlı bildirib ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin əhalinin seçki hüququ ilə bağlı maarifləndirilməsi məqsədilə müvəkkil tərəfindən respublikamızın hər bir rayonunda keçirilmiş ictimai dinləmələrdə səmərəli müzakirələr aparılıb. O, Milli Fəaliyyət Proqramının müvafiq maddəsində seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların davam etdirilməsinin nəzərdə tutulduğunu söyləyib. Ötən seçkilərdə olduğu kimi, müvəkkilin və Ombudsman Aparatı əməkdaşlarının dekabrda keçiriləcək bələdiyyə seçkilərini də müşahidəçi qismində izləyəcəyi diqqətə çatdırılıb.
MSK-nın təmsilçisi Şahin Əsədli Ombudsman Aparatının seçkilərin demokratik, ədalətli şəkildə keçirilməsi prosesində iştirakını qeyd edib, həmçinin seçki qanunvericiliyi və təcrübəsi ilə bağlı məlumat verib. O, namizədlərin qeydiyyatı, beynəlxalq və yerli seçki təcrübəsi, seçki prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklər, MSK tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri və s. barədə danışıb.
Sonra iştirakçılara əhalinin, xüsusilə qadınların ictimai fəallığının artırılması, seçki hüquqları ilə əlaqədar nəşrlər təqdim olunub.(qafqazinfo.az)