Ombudsmanın nümayəndələri həbsdəki vəkillə görüşüblər
Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri müvafiq qrafikə uyğun olaraq, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə (İHOSM) başçəkmə həyata keçirib, başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.
Başçəkmənin məqsədi saxlanılma şəraiti, rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin araşdırılması olub.
İHOSM-də saxlanılan 33 şəxslə, o cümlədən vəkil Elçin Namazovla görüş keçirilib, saxlanılma şəraiti və onlara qarşı rəftar araşdırılıb, hüquqları və ombudsmanın səlahiyyətləri izah edilib. Həmin şəxslər müəssisədəki saxlanılma şəraiti, rəftar və qidaların keyfiyyəti ilə bağlı narazılıq etməyib, ailə üzvləri ilə əlaqə saxladıqlarını bildiriblər.
Qeyd olunmalıdır ki, əsaslı təmirdən sonra yeni istifadəyə verilmiş İHOSM-in şəraiti standartlara uyğundur, müəssisə yenidən qurulub və bu zaman ombudsmanın tövsiyələri nəzərə alınıb. Eyni zamanda, müəssisə Polis orqanlarının inzibati həbs olunanların saxlanılma məntəqələri haqqında əsasnamə üzrə fəaliyyət göstərir və həmin əsasnamədə də ombudsmanın xeyli təklifi nəzərə alınıb.
Hazırda İHOSM-də bütün kameralarda televizorların quraşdırıldığı, saxlanılan şəxslərin yaxınları ilə görüşməsi və telefonla danışması üçün şəraitin yaradıldığı müəyyən edilib. (qafqazinfo.az)