!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ömrünü kirayələrdə keçirdi, xərçəngin qurbanı oldu: Novruz Qartalın ANIM GÜNÜDÜR

!Reklam – Yazi

Sevdiyim və daim ünsiyyət qurduğum müsahiblərimdən idi. Nə vaxt zəng edirdim, gülə-gülə danışırdı. Amma bu gülüşün arxasında ağlayan bir ürəyin olduğunu əminliklə bilirdim.

Ağır şəraitdə yaşayırdı, çətinliklər içərisində boğulurdu, nəfəs ala bilmirdi. Amma bir ümidin işığına tutulub, nə vaxtsa ona ev, fəxri ad alacağı, səhnədə, kinoda yeni obrazlar yaradacağı günün həsrəti ilə yaşayırdı. Ümid içərisində “gözləyirəm” deyirdi. Amma gözlədiyi olmadı, əvəzində ağır xəstəliyə mübtəla olub, gözləyə-gözləyə də gözlərini əbədiyyətə yumdu…

Bir ümidin işığına tutulan, amma ümidləri puç olan o insan, sevilən aktyor, Əməkdar artist Novruz Qartalın bu gün xatirə günüdür.

Yenicag.az xəbər verir ki, Novruz Qartal uzun illər Musiqili Komediya Teatrında fəaliyyət göstərib, səhnədə yaddaqalan obrazlar yaradıb.

Nəsibə Zeynalova, Siyavuş Aslan kimi böyük sənətkarların əlindən su içən, onlarla eyni səhnəni bölüşən aktyor ömrünün son illərində səhnədən ayrı düşür. Nə filmə dəvət edirlər, nə də çalışdığı teatrın səhnəsinə çıxır. Səhnədən, çəkiliş meydançasından uzaq düşən aktyor da sudan çıxarılan balığa bənzəyir. O da beləcə səhnəsiz, teatrsız, çəkiliş meydançasız darıxmağa, xiffət etməyə başlayır. Bir yandan da maddi məhrumiyyətlər. Ömrünün ixtiyar çağını ailəsi ilə birgə kirayə evlərdə keçirən aktyor maddi çətinliklər içində də yaşayır. Əgər buna yaşamaq demək mümkünsə… Xaraktercə nə qədər pozitiv olsa da, bu məhrumiyyətlər onu sındırır, içindən məhv edirdi. Bu ağır həyat onun səhhətinə də təsirsiz ötüşmür. Taleyin daha bir ağır zərbəsinə tuş gələn Novruz Qartal bir yandan da sağalmaz xəstəliyə tutulur. Dərman almağa pul tapmayan aktyorun xəstəliklə mübarizə aparmağa nə taqəti qalır, nə də əzmi…

Mübarizəsi də qısa sürür və taqəti tükənən aktyor əməliyyat masasından qalxmamış həyatına vida edir. Amma Novruz Qartalın işıqlı xatirəsi bu gün də sevənlərinin ürəyində yaşayır. Aktyorlar ölümsüzdür axı, onları yaşadan da vaxtilə səhnədə yaratdığı obrazlarıdır. Bu obrazlar yaşadıqca, o da yaşayacaq…

Cəvahir

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv