Hazırda həbsdə saxlanılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekalogiya İdarəsinin məsləhətçisi Hacıyev Mübariz Hüseyn oğlunun müdafiəçisi Ramil Məmmədzadə “İfşa edilməsinə maneələr yaradılan “öncədən planlaşdırılmış cinayət ideyası” cinayəti və onun əsasında başlanılmış “qondarma cinayət” işi üzrə həqiqətlərin KİV vasitəsilə araşdırılması üçün müraciət yayıb.
Yenicag.az xəbər verir ki, müraciətdə deyilir:
“Hələ də ifşa edilməmiş “Öncədən planlaşdırılmış cinayət ideyası” hadisəsi reallıqda olmadığı halda qanunsuz olaraq, təxəyyüldə canlandırılaraq, başlanılmış cinayət işidir. Həmin cinayət işi araşdırılmadığı təqdirdə, onun əsasında başlanılmış və Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən ədalətli şəkildə araşdırılmayan “qondarma cinayət”in qurbanlarının qanunsuz həbsi davam edəcək.
Şəki Ağır Cinayətlər Məhkəməsi, vəzifəli şəxs kimi rüşvət almaqda təqsirləndirilən şəxslərin reallıqda baş verməyən hadisənin iştirakçılarına çevrildiyini, onların reallıqda baş verməyəcək bir hadisənin təqsirli şəxsləri kimi təqsirləndirildiyini gördüyü halda maraqlar naminə “qondarma cinayət”i araşdırmır.
Qeyd edilən “qondarma cinayət” işinin başlanılmasına əsas olan İlham Əzimovun şikayət ərizəsinin əsasları olmayıb. Belə ki, İlham Əzimovun reallıqda qanunsuz torpaq daşımaq niyyəti olmayıb ki, bunun üçün kimlərəsə (özü də rüşvət almaq səlahiyyəti olmayan) rüşvət versin. Onun qəsdən rüşvət verməsinin əsas səbəbi “öncədən planlaşdırılmış cinayət ideyası” cinayətinin təşkilatçısının tələbi olub. Bu təşkilatçı kimdir ki, təşkil etdiyi cinayətdə baş rolu narkoman İlham Əzimova həvalə edir, rolu icra edən İlham Əzimov rüşvət kimi verdiyini bildirdiyi külli miqdarda pulu da tələb etmir”.
Vəkil R.Məmmədzadə qeyd edir ki, göründüyü kimi real olmayan niyyət və realizə edilməyən şikayət əsasında qanunsuz cinayət işi başlanılmış, qanun pozuntuları ilə istintaq aparılmış, qanunsuz hökmün qəbul edilməsi üçün də məhkəməyə göndərilmişdir:
“İlham Əzimovun şikayət ərizəsi realizə edildiyi təqdirdə bəlli olardı ki, onun torpağı qanunsuz olaraq hara daşıyacağı yer bəlli deyil və ondan rüşvət tələb edildiyini bildirdiyi şəxslərin, qanunsuz daşınacaq torpaq üzərində vəzifə səlahiyyətləri (icazələr vermək, icrası məcburi qərarlar qəbul etmək) olmamışdır. Bu kimi qanuni sübutların və faktların mövcudluğu halında AR CM-nin 311-ci maddəsinin tərkib əlamətləri istisna edilir. Lakin buna baxmayaraq, əsassız və qanunsuz şəkildə cinayət işi başlanılır”.
Vəkil R.Məmmədzadənin sözlərinə görə, “Qondarma cinayət” işinin istintaqı dövründə də çoxsaylı qanunsuzluqlar olub:
“Buna zidiyyətli məqamlar üzrə üzləşmə istintaq hərəkətlərinin aparılmamasını, üzləşmə zamanı ifadələri yalnış yazılmış təqsirləndirilən şəxslərin təkrar üzləşmə aparılması barədə vəsatətlərinə əsassız müdaxilələrin edilməsi və həqiqətlərin gizlədilməsi, istintaqın əsassız səbəblərə görə aylarla uzadılması, şahid ifadələrinin təhrif edilmiş şəkildə yazılması və s. aid etmək olar.
“Qondarma cinayət” işi üzrə məhkəmənin qanunsuz qərar qəbul edəcəyi isə öncədən apardığı ədalətsiz araşdırmanın nəticələrindən görünür. “Qondarma cinayət” işinə baxan hakimlər başlanılan cinayət işinin qanunsuz başlanıldığını və istintaq edildiyini bildiyi halda, ədalətsiz hökm vermək məqsədilə sübutları ətraflı araşdırmır. O sübutlar ki, təqsirləndirilən şəxslərin təqsirsizliyini müəyyən edən sübutlardır”.
Vəkil qeyd edir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin araşdırdığı “qondarma cinayət” işində olan maraqlarını və etdiyi qanunsuzluqlarını çoxsaylı orqanlara şikayət ərizələrində bildirib:
“Həmin şikayət ərizələrini redaksiyanıza təqdim edərək, şikayətlərimin ünvanlandığı orqanlardan ifşa edilməmiş “öncədən planlaşdırılmış cinayət ideyası” cinayəti və onun əsasında qanunsuz başlanılan ‘qondarma cinayət’ işi ilə əlaqədar müraciətimə dair mövqelərini dəqiqləşdirməklə, məlumatı kütləvi informasiya vasitəsində “Öncədən planlaşdırılmış cinayət ideyası” və “qondarma cinayət” işi kimi işıqlandırasınız”.
www.yenicag.az