“Onların əfv ediləcəyi inandırıcı görünmür”
Mehman Muradlı: “Xüsusilə ağır cinayətdə ittiham edilən bir şəxsin istintaq dövründə əfv edilməsinə Azərbaycanın hüquq praktikasında hələ rast gəlinməyib”
“Leyla Yunus və Xədicə İsmayılın bu ayın axırında gözlənilən fərmanla əfv ediləcəyi inandırıcı görünmür”
“Baş prokurorun birinci müavini Rüstəm Usubovla söhbətdə İnsan Haqları üzrə Monitorinq Qrupu olaraq Xədicə İsmayıl haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsini təklif etdik. Bildirdik ki, biz Xədicə İsmayılovaya zamin durmağa hazırıq”.
Bu sözləri mətbuata açıqlamasında Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı deyib.
Onun sözlərinə görə, dekabrın 8-də Novella Cəfəroğlu, Mirvari Qəhrəmanlı və Səadət Bənənyarlı ilə bərabər baş prokurorun müavini Rüstəm Usubovla ölkədə insan haqlarının durumu və 31 dekabrda gözlənilən əfv fərmanı ilə bağlı müzakirələr aparıblar: “Leyla Yunusun səhhətində problemlər var. Biz bu məsələni də geniş müzakirə etdik. Biz onun da səhhəti nəzərə alınaraq haqqındakı həbs hökmünün ev dustaqlığına dəyişdirilməsini təklif etmişik. Bundan qabaq Ədliyyə Nazirliyində keçirdiyimiz görüşdə Leyla Yunusun müstəqil həkim baxışından keçirilməsi məsələsini qaldırmışdıq. Bu təklifimiz müsbət qarşılanıb. Çox güman, ən qısa zamanda Leyla Yunus müstəqil həkim baxışından keçəcək və prosesə “Sülh və Demokratiya” İnstitutunun eksperti Azad İsazadə də müşahidəçi olaraq qatılacaq”.
Səidə Qocamanlı 31 dekabrda dövlət başçısının əfv fərmanı imzalayacağı haqqında xəbərləri bir daha təsdiq edib və adları çəkilən şəxslərin də əfv olunması istiqamətində işlərin aparılacağını bildirib.
Bu mövzu ilə bağlı məsələnin hüquqi aspekti maraqlıdır. İstintaq dövründə, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayan təqsirləndirilən şəxsin əfv edilməsi mümkündürmü?
Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər” ə açıqlamasında bildirdi ki, bəzi adamlar məsələyə hüquqi aspektdən deyil, istəkləri nöqteyi-nəzərindən yanaşır: “Məlum olduğu kimi, əfv fərmanını vermək səlahiyyəti yalnız Prezidentin səlahiyyətinə aid olan məsələdir. Dövlət başçısı ona verilmiş müstəsna səlahiyyətdən istifadə edərək, Konstitusiyanın 109-cu maddəsini rəhbər tutub istədiyi şəxsi əfv edə bilər. Bu prosedurun hansı qaydada həyata keçirilməsinə dair əfv haqqında əsasnamə mövcuddur.
Həmin sənəddə konkret göstərilir ki, barəsində məhkəmənin hökmü qüvvəyə minmiş şəxslər əfvlə bağlı müraciət edə bilər. Hətta belə bir müddəa da var ki, ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum edilən şəxslər cəzasının ən azı yarısını çəkdikdən sonra bu istəklə Prezidentə müraciət edə bilər.
Ancaq prezident bəzən humanist addım ataraq, cəzasının yarısından az hissəsini çəkən məhkumları da əfv edib.
Ancaq xüsusilə ağır cinayətdə ittiham edilən bir şəxsin istintaq dövründə əfv edilməsinə Azərbaycanın hüquq praktikasında hələ rast gəlinməyib. Bu baxımdan da, Leyla Yunus və Xədicə İsmayılın bu ayın axırında gözlənilən fərmanla əfv ediləcəyi inandırıcı görünmür”(bakıxəbər).