“Onların özündə çox ciddi nöqsanlar var”
“Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası” “Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda Dəyirmi masa keçirilir.
Yenicag.az azadinform-a istinadən xəbər verir ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib ki, I Avropa Oyunları yaxınlaşdıqca ölkəmizə qarşı qarayaxma kampaniyası daha da güclənir: “Bu günlərdə APA Holdingin araşdırdığı sənəddə hər şey açıq-aşkar bəlli olur və sənəddə ciddi faktlar ortaya qoyulur. Bütün bunlar da, sözsüz ki, qərbin ikili standartlarından irəli gəlir. Düşünürük ki, ölkəmizə qarşı aparılan bu çirkin kampaniya əvvəllər də olduğu kimi, bu dəfə də bir nəticə verməyəcək”.
Millət vəkili Zahid Oruc deyib ki, müstəqillik dövründə çoxlu müxtəlif regionlar hadisələrlə rastlaşmışıq: “Bu günlərdə rastlaşdığımız sənəd isə çox maraqlı faktlarla ortaya çıxıb. Bu əminəm ki, iki hissəli bir plandır. Bir hissəsi artıq mətbuatda yayımlanıb. Əminəm ki, ikinci hissəsi də var. Səbəb nədir ki, artıq abşpərəstlik, ABŞ yönümlü olmaq böyük bir təhlükəyə çevrilib? Düşünürəm ki, bu Azərbaycan hakimiyyəti ilə bağlı deyil. ABŞ-ın hazırkı dünya siyasəti ilk növbədə onun demokratikləşmə siyasətinə və Azərbaycanla olan münasibətlərinə zərər vurur. ABŞ artıq öz tərəfdarlarını itirməkdədir. Azərbaycanı cəzalandırmaq siyasəti qərbin maraqlarına daha çox zərbə vuracaq”.
Bakı xəbər qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, qərb ölkələri özlərini demokratik inkişaf etmiş bir ölkələr hesab edirlər: “Onlar hesab edirlər ki, bəzi ölkələrdə insan hüquqları sahəsində ciddi nöqsanlar var. Lakin araşdırmalar göstərir ki, onların özlərində çox ciddi nöqsanlar var. Onlar bunu görmürlər”.