Azərbaycanda optika mağazalarının fəaliyyəti ilə bağlı tələblər müəyyənləşib.
Yenicag.az xəbər verir ki, bu, yeni hazırlanan “Tibbi optika haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinin 8-ci (Optika mağazası) maddəsinə əsasən, optika mağazaları hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyə uyğun olaraq yaradılır. Əhaliyə optikaçılıq xidmətləri yalnız optika mağazaları vasitəsilə göstərilir.
Optika mağazasının açılması müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında həyata keçirilir. Optika mağazasının açılmasına rəyin əsas məqsədi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən tələblərə uyğunluğunu müəyyən etməkdir.
Optika mağazasında tibbi optika məhsulları ilə yanaşı, qoruyucu və gün eynəklərinin, eynək sağanaqlarının və digər əlaqəli məmulatların və onların ehtiyat hissələrinin və aksessuarlarının satışı, hazırlanması, quraşdırılması, montajı, sazlanması, uyğunlaşdırılması, təmiri, servis-texniki xidməti həyata keçirilə bilər.
Optika mağazasında bilavasitə əhaliyə optikaçılıq xidmətləri optikaçılıq və ya optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən, optometriya xidmətləri isə yalnız optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən göstərilir. Optika mağazasının müdiri optikaçı və ya optometrist olmaya bilərlər.
Optika məhsullarının satışı pasiyentin şifarişi və ya təqdim olunan həkim resepti əsasında həyata keçirilir. Pasiyentin sifarişi əsasında satılan tibb optika məhsulunun ölçüsünün pasiyentin görmə dərəcəsinə uyğun olmamasına görə optika mağazası məsuliyyət daşımır.
Optika mağazasında optometrist fəaliyyət göstərmirsə, orada müayinə üçün istifadə olunan tibbi optika avadanlığı saxlanıla bilməz.
Qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə olunacaq.
www.yenicag.az