“Özəlləşdirmə çeklərinin işlək vəziyyətə gətirilməsi vətəndaşların iqtisadi fəallığının artmasına və sosial rifah halının yaxşılaşmasına öz müsbət təsirini göstərə bilər”.
Bu sözləri özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılmasının zəruriliyinə toxunan Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədri bildirib ki, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması vacibdir. Çünki özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması ölkənin iqtisadi həyatında xeyli canlanma yaradacaq:
“1990-cı illərin sonlarında bu çeklər bütün əhalinin diqqət mərkəzində idi. O vaxt Ulu öndər Heydər Əliyevin geniş özəlləşdirməyə getməsi bu çekləri də həyatımızın bir parçasına çevirmişdi. Çeklərə münasibət də fərqli idi. Hətta bəzi vətəndaşlar bu çeklərdən gündəlik maddi tələbatlarını ödəmək üçün alqı-satqı vasitəsi kimi istifadə edirdilər. Lakin 2000-ci illərin əvvəllərindən etibarən sözügedən çeklər əvvəlki aktuallığını və cazibəsini itirdi. Bunun da öz obyektiv və subyektiv səbəbləri var. Ancaq əhalidə çeklərə marağı yenidən artırmaq olar. Çünki həmin çeklər qanunla hələ də qüvvədədir. Yəni ki, onların ləğvi barədə heç bir rəsmi qanun qəbul edilməyib. Hazırda özəlləşdirmə çeklərinin etibarsız hesab olunması ilə bağlı hər hansı bir qanun və yaxud sərəncam, fərman mövcud deyil. Deməli, bir zamanların ən populyar tədavül vasitəsinə çevrilən özəlləşdirmə çekləri məntiqlə hələ də etibarlı sayılır. İndi insanlarımızda bu çeklərə qarşı yenidən maraq oyatmağın və onların istifadəsini gündəmə gətirməyin yolları haqda ayrıca düşünmək olar.
O vaxt əlində kifayət qədər çekləri olan bir çox vətəndaşlarımız vardı. Onlar az qala bütün mal-mülkünü satıb, əvəzində özəlləşdirmə çekləri almışdılar və düşünürdülər ki, həmin çekləri harasa yatıracaq, hansısa müəssisələrdə pay sahibi, səhm sahibləri olacaq və gələcəkdə bundan faydalanacaqlar. Lakin bu gözləntilər bir çox hallarda özünü doğrultmadı. Düşünürəm ki, indi həmin vətəndaşlarımızın haqqının bərpa olunması üçün əlverişli fürsət yaranıb. Əlaqədar hökumət qurumları və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sözügedən məsələni gündəmə gətirib bu istiqamətdə prosesə təkan verilməsi üçün lazımi qərarın qəbul edilməsi təklifi ilə çıxış edə bilər”.
Qeyd edək ki, 1996-cı il yanvarın 1-dən ulu öndər Heydər Əliyevin fərmanına əsasən, Azərbaycanda özəlləşdirmə çekləri dövriyyəyə buraxılıb və tədavül müddəti bir neçə dəfə rəsmi şəkildə uzadılıb. Sonuncu dəfə isə 2009-cu il tarixində tədavül müddəti artırılaraq 2011-ci il yanvar ayının 1-də başa çatıb. Bu il bir sıra deputatlar, ictimaiyyət nümayəndələri özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması ilə bağlı çağırışlar ediblər.
Gülşən Şərif
www.yenicag.az