“Özlərini gülünc vəziyyətə salırlar”-Politoloq
İnsan haqları təşkilatları və keçmiş diplomatlar ABŞ dövlət katibi Con Kerriyə açıq məktub yazaraq insan haqlarını pozan Azərbaycan rəsmilərinə viza qadağası qoymağa, onların səhmlərini dondurmağa çağırıblar.
Politoloq Tofiq Abbasov bildirir ki, bu tərz müraciət və xahişləri yersiz və lazımsızdır.
“Ölkə daxilində baş verən məsələlərlə bağlı kənar qüvvələrə, bizim daxili məsələlərə aidiyyatı olmayan adamlar və instansiyalara müraciət ünvanlamaq nə dərəcədə məqsədəuyğundur? Hesab edirəm ki, bu kimi “təşəbbüslər” ölkəyə heç bir müsbət potensial gətirmir. Əksinə, belə addımlar Azərbaycanın beynəlxalq aləmdə mövqelərinə mənfi təsir göstərir”.
“Maraqlıdır, görəsən kimlərinsə cəzalandırmasını xahiş edənlər mənfi saydıqları adamları məsuliyyətə cəlb etməkdən ötrü ölkə daxilində olan imkanlardan istifadə ediblər, ya yox? Çox guman ki etməyiblər. Obrazla deyilməli olsa, həmin müraciət göndərmişlər ev içində olan işlərlə prosesləri özgələrin ixtiyarına vermək cəhdləri ilə ilk növbədə özlərini gülünc vəziyyətə qoyurlar. Digər tərəfdən onlar Azərbaycana düşmənlik edən qüvvələrin dəyirmanına su tökmüş olurlar.-deyə Tofiq Abbasov xüsusilə bu nüansa diqqət çəkib.
Politoloq sonda qeyd etdi ki, müraciətə imza atmışlar xoşagəlməz presedent yaradılar ki, bu qətiyyən təqdirə layiq deyil.
Kamran