Bakıda keçmiş sevgilisini öldürməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın məhkəməsi başlayıb.
Yenicag.az-ın “Unikal”a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən məhkəmədə təqdirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili məhkəməyə vəsatət təqdim edərək bildirib ki, zərərçəkmiş şəxs psixi xəstəlikdən əziyyət çəkib. Hadisə baş verdiyi zaman da o, R.Tahirovanı ölümlə hədələyib. Vəkil zərərçəkən Samir İsrafilovun psixoloji vəziyyəti ilə bağlı müvafiq sənədlərin məhkəməyə sübut kimi təqdim edilməsini xahiş edib.
Vəsatət baxılmamış saxlanılıb.
Məhkəmə qısa müşavirə keçirərək cinayət işinin məhkəmə istintaqına verilməsinə dair qərar qəbul edib.
Daha sonra prokuror ittiham aktını səsləndirib.
İttihama görə, təqsirləndirilən Ruhiyyə Tahirova qeyri-rəsmi münasibətdə birlikdə yaşadığı Samir İsrafilova nikaha daxil olmaq istədiyini bildirib. S.İsrafilov isə onunla vaxt keçirdiyini, ailə qurmaq niyyəti olmadığını söyləyib. Bu zaman R.Tahirova bunu təhqir kimi qəbul edib. Onların arasında mübahisə yaranıb. Zərərçəkmiş şəxs Ruhiyyə Tahirovadan güclü olduğu üçün ona müqavimət göstərə bilib. Bu zaman başqa çarəsi qalmayan təqsirləndirilən şəxs kəsici alət ilə ona xəsarət yetirib. Nəticədə Samir İsrafilov həyatını itirib. Ruhiyyə Tahirova isə 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.
Ruhiyyə Tahirova bu mövzuda özünü təqsirli bilib.
Məhkəmə R.Tahirovaya onun təqsirli bilindiyi halda 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası verilə biləcəyini bildirib.
İclas 28 oktyabr tarixinədək təxirə salınıb.
Qeyd edək ki, 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı şəxsi münasibətlər zəminində 1986-cı il təvəllüdlü Samir İsrafilovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
www.yenicag.az