“Palmali” Şirkətlər Qrupu Türkiyədə təhsil alan tələbələrimizi Novruz Bayramında bir araya gətirib.
Yenicag.az xəbər verir ki, soydaşımız Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu Türkiyənin müxtəlif universitetlərində təhsil alan, Novruz tətilində Azərbaycana gedə bilməyən tələbələrimiz üçün İstanbulda möhtəşəm bayram mərasimi təşkil edib.
Azərbaycanın çoxəsrlik milli ənənələri və Novruz Bayramına xas bütün adətlər nəzərə alınan tədbirdə Türkiyədən və Azərbaycandan olan sənətçilər iştirak edib.
Tanınmış aparıcı Lətafət Ələkbərovanın idarə etdiyi Novruz Şölənində meyxanalar deyilib, milli oyunlar oynanılıb. Xüsusilə, Çinarə Məlikzadənin ifası mərasimdə iştirak edən yüzlərlə tələbəni coşdurub.
Tədbirdə çıxış edən “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Novruzun uşaqlıqdan bəri ən sevdiyi bayram olduğunu, bu gün Azərbaycandan uzaqda yaşasa da, eyni adət-ənənələri yaşayıb-yaşatdıqlarını vurğulayıb.
Tədbirdə Mübariz Mənsimova Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin əl ilə işlənmiş portretləri hədiyyə olunub.
Tonqal üzərindən atlayan gənclər bütün mərasim boyu əylənib. Mərasim gecəyə qədər davam edib.
www.yenicag.az