“Vergi ödəyicilərinin çoxluğu üçün iş yerlərinin sayı artırılmalı və əməkhaqqı müəyyən qədər yüksəldilməlidir”.
Rəsmi məlumata əsasən, Azərbaycanda ötən il 55 min 916 nəfər vəfat edib. Vəfat edənlərin 29 min 926 nəfərini kişilər, 25 min 990 nəfərini isə qadınlar təşkil edib. Vəfat edən kişilərin 14 min 905 nəfəri (49,8%) 65 yaşına çatmadan ölüblər. Ölkədə kişilərin 65 yaşından sonra pensiyaya çıxdıqlarını nəzərə alsaq, statistik göstəricilər kişilərin yarısının pensiya almadan vəfat etdiyini göstərir.
Kişi ölümlərinin bu şəkildə geniş yayılmasının səbəblərini dəyərləndirən sosioloq Əhməd Qəşəmoğlu öz fikirlərini Yenicag.az-la bölüşüb.
Sosioloqun sözlərinə görə, cəmiyyətdə mövcud olan psixoloji, iqtisadi və sosioloji problemlər artırdıqca kişi ölümlərinin artması davam edəcək:
“Azərbaycan cəmiyyəti getdikcə mürəkkəbləşir və bu mürəkkəbləşmə psixoloji vəziyyətdə böyük gərginlik yaradır. Mənəviyyat, adət və ənənələrlə bağlı dəyişikliklərin baş verməsi qadınlara nisbətən kişilərdə daha ciddi reaksiya yaradır. Cəmiyyətdə gərginliyin artması ölüm risklərini də artırır.
Məsələn, şəhərdə avtomobil çoxalırsa, bu vəziyyət yol qəzalarının çoxalmasına səbəb olur. Demək olar ki, hər gün yol qəzaları ilə bağlı informasiyalar paylaşılır. Bu qəzalarda ölənlərin çoxu kişilərdir. Bununla yanaşı, pandemiya dövründə müəyyən məhdudiyyətlərin tətbiqi və insanların evdən çölə çıxmaması psixoloji duruma ciddi təsir edib. Çünki insanlar iqtisadi çətinliklə yanaşı, psixoloji sarsıntı da yaşayırlar.
Pandemiyadan əvvəlki statistikaya görə, hər 100 nəfərin nikahına qarşı 25-30 boşanma halları var. Nikaha girən əhalinin üçdə biri boşanırsa, bu, mübahisəli ailələrin sayının da ikiqat olduğunu göstərir. Hazırda Azərbaycan ailələrində gərginlik pik səviyyədədir. Bu baxımdan, pandemiya dövründə ailədaxili münaqişələrin də sayı artıb”.
Pensiya yaşına çatmamış kişilərin ölüm hallarının çox olması fonunda təqaüdlə bağlı yaş məhdudiyyətinə də toxunan sosioloq bildirib ki, pensiya ilə əlaqədar təyin olunan yaş məhdudiyyətində bir sıra amillər nəzərə alınır:
“Pensiya yaşının təyini kiminsə istəyi ilə baş vermir. Ölkədə pensiya yaşının aşağı olması üçün vergi ödəyicilərinin sayı çox olmalıdır. Bu halda pensiya üçün ayrılan vəsaitin məbləği də artır. Vergi ödəyiciləri az olduqda, yaş həddinin qaldırılması məcburiyyəti ortaya çıxır. Vergi ödəyicilərinin çoxluğu üçün iş yerlərinin sayı artırılmalı və əməkhaqqı müəyyən qədər yüksəldilməlidir”.
Gülşən Şərif
www.yenicag.az