Martın 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, komitənin sədri Musa Quliyev gündəliyə 6 məsələnin daxil edildiyini diqqətə çatdırıb.
İclasda əvvəlcə “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə baxılıb.
Komitə sədri əmək pensiyaları ilə bağlı qaydaların daim təkmilləşdirildiyini, bu sahədə islahatların uğurla davam etdirildiyini və bu istiqamətdə əmək pensiyalarının təyinatının, ödənişinin, hesablanmasının, verilməsinin elektronlaşdırıldığını bildirib. O, “Elektron hökumət” layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində mühüm işlərin görüldüyünü və 159 xidmətin elektron qaydada həyata keçirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, “Əmək pensiyaları haqqında” Qanuna təklif olunan dəyişikliklər pensiya ödənişinin elektronlaşması sahəsində güzəştli şərtlərlə pensiya alanlara elektron xidmətin tətbiq olunması ilə bağlıdır.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsi barədə ətraflı məlumat verib. Bildirilib ki, sənəddə qanunun uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərə dair 8-ci maddəsi yeni redaksiyada təqdim olunur.
Müzakirələrdə komitə üzvləri Vüqar Bayramov və Jalə Əliyeva məsələ ilə bağlı öz fikir və qeydlərini səsləndiriblər.
Sonra şöbə müdiri Adil Vəliyev Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, qanun layihəsi xüsusi növ dövlət qulluğu sayılan orqanların təcrübəsi öyrənilməklə, eyni zamanda, təcrübədə meydana çıxan müvafiq boşluqlar təhlil edilməklə, habelə Əsasnamənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Sənəd 30 yeni maddənin əlavə olunmasını, 10 maddənin ləğvini və 36 maddədə dəyişiklik edilməsini ehtiva edir.
İclasda iştirak edən Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəisi Anar Rzayev “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklə əlaqədar fikirlərini açıqlayıb. Bildirilib ki, layihədə vergi orqanlarına xidmətə qəbulla bağlı staj müddətinin müəyyən edilməsi, sınaq və staj müddəti ilə bağlı məsələlərin daha detallı tənzimlənməsi, vergi orqanlarında xidmətə qəbul olunmasına yol verilməyən şəxslərin əhatə dairəsinin təkmilləşdirilməsi, vergi orqanının vəzifəli şəxsinin andının müəyyən edilməsi və digər məsələlərin daha təfərrüatlı tənzimlənməsi təklif olunur.
Sonra Adil Vəliyev Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, layihəyə əsasən, “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsində “qərarına əsasən yaradılan” sözləri “müəyyən etdiyi orqanın (qurumun) yaratdığı” sözləri ilə əvəz olunur.
Sonra Adil Vəliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, təklif olunan dəyişikliklərə əsasən, layihədə qeyd olunan qanunlarda müəyyən edilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” Qanunun 14.8-1-ci maddəsi ilə tənzimlənir.
Sonra “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsi təqdim edilib. Qeyd olunub ki, uyğunlaşdırma xarakteri daşıyan dəyişikliklərdə “həkim reseptləri”, “dərman vasitələri”, “normativ-texniki sənəd” və bu qəbildən olan bir sıra söz və ifadələrin müvafiq olaraq “resept”, “dərman və tibb vasitələri”, “texniki normativ hüquqi akt” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.
İclasda ikinci oxunuşda təqdim edilən “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxılıb. Sənəddə uyğunlaşdırma xarakterli dəyişikliklərin təklif olunduğu diqqətə çatdırılıb.
Müzakirəyə çıxarılan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
***
Martın 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
Yenicag.az xəbər verir ki, iclası açan komitə sədri Tahir Mirkişili gündəliyə 6 məsələ daxil edildiyini deyib.
Birinci məsələnin Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu deyən komitə sədri bildirib ki, sənəddə vergi orqanlarında xidmət edənlərin hüquqi vəziyyətinin daha da təkmilləşdirilməsi, işə qəbul qaydalarının daha da şəffaflaşması, eyni zamanda, bu orqanlarda çalışanların stimullaşdırılması, sosial müdafiəsi ilə bağlı məsələlərin müasir tələblərə və təcrübəyə uyğun tənzimlənməsi təklif olunub. Qanun layihəsinin qəbulunun vergi orqanlarının peşəkarlığının artırılmasına, çalışanların maddi təminatının yaxşılaşmasına gətirib çıxaracağını söyləyən komitə sədri layihə barədə daha ətraflı məlumat vermək üçün sözü Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevaya təqdim edib.
Sənəddə təklif olunan dəyişikliklərin əsas istiqamətlərini deputatların diqqətinə çatdıran Samirə Musayeva işçilərin sosial müdafiəsi və maddi təminatı ilə bağlı tənzimləmələrdən söz açıb. O bildirib ki, layihədəki dəyişikliklərin ikinci böyük istiqamətində vergi orqanlarında xidmətə qəbulla bağlı məsələlər tənzimlənir. Xidmət rəisi sənəddə təsbit olunan vergi orqanlarında vəzifəli şəxslərə xüsusi rütbələrin verilməsi, onların vəzifədə irəli çəkilməsi, başqa vəzifəyə keçirilməsi, rotasiyası qaydalarından, həvəsləndirmə və tənbeh tədbirlərindən bəhs edib, vergi işçilərinin iş rejiminin optimallaşdırılması, xidmətdə olmanın yaş həddi kimi digər zəruri tənzimləmələr barədə danışıb.
Layihənin müzakirəsində komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Mahir Abbaszadə, Rüfət Quliyev, Vüqar Bayramov, Aydın Hüseynov və Məzahir Əfəndiyev çıxış ediblər. Deputatlar qanun layihəsinin müsbət və mütərəqqi xarakter daşıdığını bildiriblər, sənədlə bağlı bəzi suallarını səsləndiriblər.
Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deputatların suallarına aydınlıq gətirəndən sonra layihə birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitə sədri Tahir Mirkişili Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O bildirib ki, qanun layihəsi sənaye, texnologiyalar parkı sahəsində vergi, sosial sığorta, gömrük tarifi və reklam qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Komitə üzvləri qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Gündəliyin 3-cü məsələsi olan “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd ölkəmizdə insanların həyat və sağlamlığının, dərman vasitələrinin istehlakçılarının hüquqlarının qorunması, dərmanların dövlət qeydiyyatı prosedurunun optimallaşdırılması, tələb edilən sənədlərin sayının azaldılması və sahibkarlıq subyektləri üçün prosesin sadələşdirilməsi məqsədilə hazırlanıb.
Sənədin müzakirəsində deputatlar Rüfət Quliyevin və Elnur Allahverdiyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Gündəliyin 4-cü məsələsi olan Mülki Məcəllədə və “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov təqdim edib.
Şöbə müdiri qeyd edib ki, qanun layihəsi ipoteka və zaminlik sahəsində meydana çıxan məsələlərin tənzimlənməsi məqsədilə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında təsbit olunan hüquqi mövqelərə uyğun olaraq hazırlanıb. Qeyd olunub ki, “İpoteka haqqında” Qanuna ipotekaya xitam verilməsi əsasları sırasına yeni halın – ipoteka saxlayanın tələbdən və ya ipotekadan imtina etməsi halının daxil edilməsi təklif olunur. Mülki Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmuşdursa və müqavilə qüvvədə olduğu müddətdə borclu şəxs vəfat edərsə, bu halda borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə zaminin məsuliyyəti dayandırılır.
Layihənin müzakirəsində komitə sədri Tahir Mirkişili, deputat Mahir Abbaszadə, İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradov sənədlə bağlı fikirlərini bildiriblər. Sonra layihə birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Gündəliyin son iki məsələsi olan “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin ikinci oxunuşu haqqında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli məlumat verib. O bildirib ki, birinci oxunuşdan sonra sənədlərlə bağlı hər hansı bir təklif daxil olmayıb.
Yekunda bu qanun layihələri də ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
www.yenicag.az