Parlamentdə məmurlara mesaj: “Təriflərə həddən artıq aludə olanlar unutmasınlar…”
Milli Məclisdə hökümətin hesabatı ilə bağlı müzakirələr davam edir. Deputat Leyla Abdullayeva Bakı-Sumqayıt yolundakı tıxacdan, Sumqayıtın problemlərindən, bankomat çatışmazlığından danışdı.
Əli Məsimli dedi ki, ölkədə kifayət qədər məhsul istehsal edə və hətta böyük hissəsini də xaricə sata bilərik. Deputat Şəkinin qazlaşdırılmasının digər regionlarla müqayisədə 2-3 dəfə aşağı səviyyədə olmasından şikayətləndi və dedi ki, Şəkinin 50 kəndinin qazlaşdırılacağına vəd verilsə də, yalnız Şəkinin bir neçə küçəsi qazlaşdırılıb: “Bu da verilən sözün 6 faizi deməkdir. Bu, Şəkiyə qarşı sayğısızlıqdır, yoxsa vəsait azlığı rol oynayır”. Ə.Məsimli dedi müavinətlər artırılsa da, yenə aşağıdır: “Xüsusilə də əlillərin müavinətləri qaldırılmalıdır.”
Musa Qasımov dedi ki, hökumətimiz heç bir iş görməsəydi belə, kosmosa göndərdiyi peykə görə də onun işini yüksək qiymətləndirmək olardı.
Deputat təhsillə bağlı alternativlər təklif etdi və bir sıra şəhərlərdə universitetlərin açılmasını zəruri saydı. O, professor-müəllim heyətinin əməyinin qiymətləndirilməsində müasir sistemə keçirilməsini də təklif etdi. M.Qasımlı təhsil sistemini “təsadüfi adamlardan təmizləməyi”, kənd məktəblərini müəllimlə təmin etməyi, həmçinin Naxçıvanın blokadadan xilası üçün dəmiryol xəttinin çəkilişinin başa çatdırılmasını da vacib hesab etdi.
Vahid Əhmədov dedi ki, keçən il dünya iqtisadiyyatında iqtisadi artım 2,1 faiz olduğu halda Azərbaycanda 5,6 fazi olub. Deputat ölkədəki işsizlik problemindən danışdı: “Biz əhalinin işlə təmin edilməsini həll edə bilməmişik. Quba-Xaçmaz zonasında da bu problem mövcuddur, kənd yerlərində insanlar işsiz vəziyyətdədir. Ona görə də hökümət ilk növbədə kənd yerlərində iş yerlərinin açılmasına ciddi diqqət yetirməlidir”.
V.Əhmədov Azərbaycanın özünü ərzaq buğdası ilə təmin edə bilməməsindən də bəhs etdi: “Əvvəllər Azərbaycana 500 min tona yaxın buğda idxal olunurdusa, son illər bu rəqəm 1 milyon tona çatıb. Taxıl təminatı ilə bağlı yeni fermer təsərrüfatının yaradılmasına çox böyük ehtiyac var”. V.Əhmədov geni dəyişdirilmiş məhsulların ölkəyə idxalını da ciddi problem saydı və höküməti tədbirlər görməyə çağırdı. Deputat qeyri-neft sektorunu inkişaf etdirməyə də çağırdı. V.Əhmədov kredit faizlərinin aşağı salınması və ipoteka kreditləri ilə bağlı təkliflərə Mərkəzi Bankın ciddi yanaşmadığını qeyd etdi və bu məsələlərin həllinə çağırdı.
Zahid Oruc Artur Rəsizadənin insanpərvərliyindən bəhs etdi, baş nazirin qapısının həmişə deputatların üzünə açıq olduğunu vurğuladı. Deputat 2013-cü ildə Bakı-Novorossiysk neft kəmərinin və Qəbələ RLS-in fəaliyyətinin dayandırımasını, “Şahdəniz-2” layihəsi haqqında müqavilənin imzalanmasını xüsusilə qeyd etdi.
Z.Oruc məmurlara xəbərdarlıq etdi: “Təriflərə həddən artıq aludə olanlar unutmasınlar: cənab prezident 2013-cü ildə komandasını əsaslı şəkildə dəyişib. Ən azı iki nazir yenisi ilə əvəzlənib”.
Z.Oruc metro ticarəti ilə bağlı da danışdı: “Tağı Əhmədovun rəhbərlik etdiyi qurum metro vaqonlarının fəaliyyətinə nəzarət etməli idi. Buradakı ticarət fəaliyyətinə niyə nəzarət etməlidir ki, ondan sonra gələn də bu məsələ ilə məşğul olsun?” Z.Oruc təhsil sahəsində ciddi tədbirlərin həyata keçiirlməsinə çağırdı, keçid balının aşağı salınmasını xatırlatdı, ali məktəblərdə təhsil haqlarının yüksək olmasından bəhs etdi: “Ən önəmlisi məktəblər Təhsil Nazirliyinə tabe olmalıdır”.